“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 67 milyon manatdan çox investisiyanın yatırılması, 700-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il Sənaye Parkında bir neçə müəssisənin (2 min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların, müxtəlif növdə yapışqan lentlərin istehsalı müəssisələri) fəaliyyətə başlaması planlaşdırılır:

"Bugünədək rezidentlər tərəfindən Sənaye Parkına 10 milyon manata yaxın investisiya yatırılıb. Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında infrastruktur işləri görülür, inzibati binanın, yarımstansiyanın və su anbarlarının tikintisi aparılır. Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb. Belə ki, sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergiləri, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. İZİA-nın idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 460 milyon manatdan çox vəsaitə qənaət ediblər".

"Sənaye parklarında hər il biz məhsul istehsalında müsbət artımın baş verdiyinə şahid oluruq. Bir faktı diqqətə çatdırım ki, 10 il ərzində sənaye parklarında məhsul istehsalı 11,4 dəfə artaraq 3,1 milyard manata yaxın olmuşdur. Sənaye parkları işçilərin məşğulluq səviyyəsinin artırılmasında mühüm rol oynayır. İşlə təmin olunma statistikasına baxdıqda böyük artımın baş verdiyinə şahid olarıq. Belə ki, işçi sayı qeyd etdiyim dövr ərzində 27 dəfədən çox artmışdır", - sədr əlavə edib.

Sadiq Cavadov