Bu gün Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş tədbir başlayır. 2 gün çəkəcək toplantıya 6 ölkənin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusun rəhbərləri dəvətlidir. 

Azərbaycan üçün bu tədbir əsasən, müzakirəsi yekunlaşmaq üzrə olan “Strateji tərəfdaşlıq haqda” sazişin taleyi ilə bağlı önəm kəsb edir.  Qeyd edilir ki, ermənilərin və onların havadarlarının ciddi cəhdlərinə rəğmən, imzalanması nəzərdə tutulan sənəd layihəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə dəstək yer alıb. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün erməni işğalçı qüvvələri tərəfindən pozulduğu aydın şəkildə əks edilib.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Yeni Sabah”a danışarkən bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında 2017-ci ildən start götürən danışıqlar prosesi sazişin bağlanması ilə bitməlidir:

“2 ildən artıqdır ki, davam edən danışıqlar müsbət nəticələnməsə də, tərəflər arasında danışıqlar uğurla davam edib. Bu gün keçirilən sammit “Şərq Tərəfdaşlığı” çərçivəsində keçirilir. Dövlət başçısı İlham Əliyev nümayəndə heyəti tərkibində bu sammitə qatılır. Strateji tərəfdaşlıq sənədinin 90 %-i razılaşdırılıb. 10% də hesab edirəm, razılaşdırılmalıdır və bu saziş bağlanmalıdır. Bu haqda rəsmi məlumat verilməsə də, sazişin bağlanması ölkəmizin inkişafına töhfə verəcək”.

Politoloq xatırladıb ki, sazişin mayın 13-də bağalanacağı qeyd edilirdi:

“Hesab edirəm ki, dövlət başçısı nümayəndə heyəti tərkibində bu sammitə qatılarsa, saziş bağlana bilər. Yenə də deyim ki, bu saziş haqqında konfedensiallıq qorunur, detalları barədə məlumat verilmir. Daha da aydın fikir bildirmək olar. Hər halda prezident bu tədbirə qatılarsa, gözləntimiz var”.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclis sədri Oqtay Əsədov “Strateji tərəfdaşlıq haqda” sazişin imzalanmağa hazır olduğunu və mayın 13-də imzalanacağını bildirsə də, Azərbaycan Xarici İşlər Nazirliyi onu təkzib etmişdi.