“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) cəmi aktivləri bu il iyulun 1-nə 916,161 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 10,2% azdır.

ASB-nin aktivlərinin 308,946 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,1% böyüyüb.

Hesabat dövründə ASB-nin cəmi öhdəlikləri 11,6% azalaraq 818,922 milyon manata, o cümlədən depozit portfeli 6,8% azalaraq 651,633 milyon manata düşüb, cəmi kapitalı isə 4,1% artaraq 97,239 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında ASB-nin gəlirləri 19,576 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 25,8% çox), xərcləri 12,697 milyon manat (5,8% çox), xüsusi ehtiyatlara ayırmaları 403 min manat (34,5% az), mənfəət vergisi ödəmələri isə 1,324 milyon manat (2,2 dəfə çox) təşkil edib. Son nəticədə bank I yarımili 5,152 milyon manat xalis mənfəətlə başa vurub. Bu, bir il əvvəl ilə müqayisədə 2,2 dəfə çoxdur.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Abadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.