Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatının ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində əvvəlcədən yerləri müəyyən edilmiş izləmə-müşahidə vasitələri legitim hərbi hədəf olaraq sıradan çıxarılıb.

Bu barədə İqtisadiyyat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq optik-elektron və müşahidə kameraları Azərbaycan Ordusunun bölmələrinin və mülki sakinlərin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılıb.

Müdafiə Nazirliyindən bildirilib ki, Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələri tərəfindən müəyyən edilən Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları Azərbaycan Ordusunun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.