Azərbaycanın tikinti sektorunda fəaliyyəti ilə tanınan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağlı saytımıza şikayət daxil olub. Belə ki, şirkətin 2017 və 2019 cu illərdə fəaliyyət göstərmiş bir neçə əməkdaşı onlara hələ də ödənilməyən müxtəlif məbləğdə məvacibləri ilə bağlı müraciət ediblər. Şikayətçilərin verdiyi məlumata görə, həmin ərəfələrdə çalışdıqları Qazaxıstan Respublikasının Almatı, Özbəkistan Respublikasınının isə Daşkənd şəhərilərindən heç bir səbəb göstərilmədən geri çağrılıb və işdən azad olunublar. Bununla yanaşı, əməkhaqqlarının bir qismini də bu günə qədər ala bilməyiblər. Ödənişlərlə bağlı dəfələrlə şirkətə  müraciət etsələr də müsbət cavab almayıblar.

Məsələ ilə bağlı sorğu ünvanladığımız “Akkord” şirkətindən cavab olaraq bildirildi ki, hazırda inşası həyata keçirilən layihələrin tikintisində 2500 nəfərdən çox yerli vətəndaş işləyir. Xidmət müqaviləsi əsasında fəaliyyət göstərən işçilərin, icraçıların ödənişləri də AR-nın müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq tərəfimizdən həyata keçirilir.

“Xarici layihələr üzrə əmək haqqı borcunun olması barədə tərəfimizdən hər hansı məlumat aşkar edilməyib. Amma bununla belə həmin şəxslərə tövsiyə edirik ki, ilk öncə ərizə ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə müraciət etsinlər və onların  müraciətləri tərəfimizdən araşdırılsın. Əgər həqiqətən də belə hal mövcuddursa, icrası tərəfimizdən dərhal təmin ediləcək.”

Qeyd edək ki,“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ölkə sərhədləri daxilində və xaricində (Gürcüstan Respublikası, Özbkistan Respublikası, Qazaxıstan Respublikası və s.) bir sıra dövlət əhəmiyyətli beynəlxalq inşaat layihələrinin icrasını həyata keçirir.