Hərbçilərə, müəllim və həkimlərə verilən kirayə haqqı bazar qiymətinə uyğun olmadığından artırılmalıdır.

İqtisadiyyat.az Ölkə.Az-a istinadən xəbər verir ki, belə bir təkliflə deputat Siyavuş Novruzov parlamentdə büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, hərbçilər xidmətləri ilə əlaqədar müxtəlif bölgələrdə yaşamalı olurlar. 

“Lakin onlara verilən kirayə haqqı bazar qiymətlərindən çox aşağıdır. Təklif edirəm ki, hərbçilərə verilən kirayə haqqı bazar qiymətlərinə uyğunlaşdırılsa yaxşı olar. Bu təklif eyni zamanda bölgələrə təyinatla gedən müəllim və həkimlərə də şamil edilməsi nəzərə alınmalıdır”, - deputat qeyd edib.

O eyni zamanda minaaxtaranların əməkhaqqının artırılmasını təklif edib.

Deputat həmçinin uşaq evləri ilə bağlı problemi qaldıraraq deyib ki, onlar 17 yaşına çatdıqdan sonra taleyin ümidinə buraxılırlar.

“Onların sonrakı dövrünü nəzarətdə saxlamaq və yaşayış yerləri ilə təmin etmək üçün kampuslar tikilsə, hökumət bu təbəqəni diqqət saxlasa yaxşı olar. Bu, çox vacib problemdir”, - o qeyd edib.