İsti aylarda qida zəhərlənmələri ilə bağlı müraciətlər əvvəlki aylara nisbətən artır. Bunun da bir neçə səbəbi vardır. Həkim-mütəxəssislərin fikrincə, yay aylarında havanın hərarəti çox olduğuna görə müəyyən patogen mikrobların da inkişafı sürətlənir. Eyni zamanda, bəzi hallarda müxtəlif mövsümi meyvə və digər qidalar da zəhərlənmələrə səbəb olur.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bir çox hallarda qida zəhərlənməsinin dəqiq olaraq hansı məhsuldan olduğu göstərilmir.

“Fast food” qidalar daha çox zəhərlənməyə səbəb olur

Onun sözlərinə görə, xüsusilə də bu hallar temperatur yüksəldikcə, isti havalar gəldikcə daha da çoxalır: “Ümumiyyətlə, zəhərlənmələrdən qorunmaq üçün yaxşı olar ki, mütləq mənşəyi bəlli olan, saxlanma şəraiti və temperaturu yerində olan və mal qonşuluğu prinsipi pozulmadan saxlanılan qidalardan istifadə edilsin. Son dövrlərdə qida zəhərlənmələri daha çox ət, ət məhsulları, xüsusilə də balıq və toyuq ətlərindən hazırlanan məhsullarda üstünlük təşkil edir. Çünki toyuq əti daha yüksək risk qrupuna aiddir. Həmçinin quş ətində bəzən həm müəyyən növ bakteriyalar, xüsusən də insan orqanizminə keçən salmonella mövcuddur. O ətləri yaxşı bişirmək və mənşəyi bəlli olan yerdən almağa diqqət yetirmək lazımdır”.

M.Hüseynova bununla yanaşı bir çox hallarda istər restoranlarda, istərsə də küçələrdə satılan “fast food” qidaların daha çox zəhərlənməyə səbəb olduğunu, immun sistemi zəif olanlarda isə səhhətlərinin daha da ağırlaşdığını deyib: “İmmun sistemi zəif olan insanlarda zəhərlənmə mədədə ağrı, ishal, qusma, bəzən yüksək temperatur, gözün görmə qabiliyyətinin itməsi kimi hallarla müşayiət olunur. Bəzən daha ağır şəkildə olur və vaxtında müdaxilə olunmasa, ölümlə də nəticələnə bilir. Ancaq immun sistemi güclü olan insanlarda yüngül zəhərlənmələr qeydə alındıqda onlar nisbətən daha yüngül şəkildə qurtula bilirlər. Yüngül zəhərlənmələr həzm sistemində pozulmalar və yaxud da mədədə ağırlıq, şişkinlik kimi əlamətlərlə özünü büruzə edir və demək olar ki, qısa bir müddətdə keçir. Lakin bu, heç də onun tamamilə keçməsi mənasına gəlmir. Çünki mütəmadi olaraq keyfiyyətsiz məhsulları qəbul etdikdə orqanizmdə, həzm sistemində pozulmalar, xüsusilə də bağırsaq mikroflorasının pozulması baş verir ki, bu da insanlarda immun sisteminin çökməsi və bütün xəstəliklərə asanlıqla yoluxma hallarının yaranmasına gətirib çıxarır”.

Açıq havada 2 saatdan artıq qalan qidalar belə bəzən ölümə səbəb olur

Qida mütəxəssisi zəhərlənmələrdən qorunmaq üçün diqqət edilməsi vacib olan daha bir məqama toxunub. O söyləyib ki, havalar isinməyə başladıqca yaxşı olar ki, qidalar birdəfəlik istehlak olunacaq qədər hazırlanılsın: “Qarışıq yeməklər, məsələn, tərəvəzli, yumurtadan, ətdən hazırlanan salatlar birdəfəyə istehlak olunacaq qədər hazırlanmalıdır. Bir çox hallarda qidalar yağda həddindən artıq çox qızardılır. Belə olanda onun tərkibində doymuş yağlar doymamış yağa çevrilir. Bu şəkildə hazırlanan qidaları mütəmadi qəbul etdikdə xərçəng yaranma riski daha tez baş verir, xroniki xəstəlikləri olan insanlarda isə xəstəliyik kəskinləşir. Meyvələr, tərəvəzlər, göyərtilər yaxşı yuyulmalıdır. Mövsümi meyvələrin yerli olanına diqqət etmək lazımdır. Xüsusilə mövsümi olanlarda daha az zəhərlənmə faktına rast gəlinir. Ancaq mövsümi olmayanlarda, istifadə olunan gübrələrin və digər maddələrin həddindən artıq çox olması zəhərlənməyə səbəb ola bilər”.

M.Hüseynova həmçinin balıq, düyü və mənşəyi bəlli olmayan qidaların qəbulu zamanı mümkün təhlükələrdən və onlardan qorunma yollarından danışıb: “Təzə balıqlar alınmalıdır. Çünki balıqlar düzgün şəkildə saxlanılmadıqda, uzun müddət açıq hava şəraitində, otaq temperaturunda saxlanıldıqda tərkibində olan bakteriyalar daha çox zəhərli maddələrin yaranmasına səbəb olur. Bununla yanaşı düyü də ən çox zəhərlənmə verən və maddələr mübadiləsinin sürətinin azalmasına, həzm sisteminin pozulmasına səbəb olan qidalardan biridir. Ona görə də düyünü bişirib bir-iki gün sonra yenidən istifadə etməmək lazımdır. Çünki onun tərkibində də bişdikdən sonra bir çox bakteriyalar daha tez çoxalır və insan orqanizmində xərçəngə qədər gətirib çıxara bilir. Mənşəyi bəlli olmayan yerdə, ictimai iaşə obyektlərində, kafe və restoranlarda, xüsusilə də tez hazır olan mayonez və ketçupdan istifafə olunmuş qidalardan mümkün qədər az istifadə etmək lazımdır. Çünki əksər hallarda həmin mayonez və ketçup daha soyuq saxlanılmalı olduğu halda isti yerdə, açıq şəkildə və açıldıqdan sonra neçə gün saxlanıldığı bəlli olmayan böyük qablarda günlərlə saxlanılır. Bu da zəhərlənmələrə səbəb olur”.

Sadiq Cavadov