Son zamanlar dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Belə ki, aprelin 3-ü səhər saatlarında “Brent” markalı neftin qiyməti uzun müddətdən sonra 70 dolları keçib. Bu da ilk olaraq, “OPEC+” ölkələrinin gündəlik neft hasilatını azaltması ilə bağlıdır. Həmçinin ABŞ-ın İrandan neft idxal edən 8 ölkəyə qoyduğu güzəşt müddəti də may ayından etibarən bitir. Bu da o deməkdir ki, sanksiyalar başlayandan gündəlik hasilatı 1.5 milyon azalan İran maydan etibarən daha az neft satacaq. Əlavə olaraq, Venesuelaya qoyulan sanskiyalar səbəbindən bu ölkənin neft ixracının minimuma endirilməsi də mövcud qiymətlərə təsirsiz ötüşmür.

“Fitch” Beynəlxalq Reytinq Agentliyinin təbii ehtiyatlar və əmtəə üzrə direktoru Dimitri Mariçenkonun fikrincə, İran və Venesuelanın yaxın iki il ərzində hasilatı azaltması neftin qiymətlərinə ciddi təsir etməyəcək. Agentlik rəsmisi neftin yaxın zamanlarda aşağı həddinin 55 dollar, yuxarı həddinin isə 75 dollar dəyərində dəyişəcəyini ehtimal edir.Bundan əlavə o, “Brent” markalı neftin qiymətinin 2020-ci il üçün 62.5 dollar, 2021-ci il üçün isə, 60 dollar, “WTI” markalı neftin isə 50 dollardan aşağı ola biləcəyini açıqlayıb.

Dünya bazarında neftin gözlənilən qiymətləri barədə iqtisadçı alim Vüqar Bayramov İqtisadiyyat.az-a müsahibə verib.

-Venesuela və İrana sanksiyalar qoyulduğu və “OPEC+” ölkələrin gündəlik hasilatı azaltdığı bir dönəmdə dünya bazarlarında neft təklifləri hansı səviyyədədir?

-Ötən həftənin yekunları göstərir ki, 2010-2015-ci illərdən sonra ən aşağı təklif qeydə alınıb. Bu da “OPEC+” ölkələrin məlum qərarı ilə bağlıdır. Bildiyiniz kimi “OPEC+” ölkələri gündəlik neft hasilatını 295 min barel azaldaraq 30.385 milyon barelə endirib. Səudiyyə Ərəbistanı rəsmiləri gündəlik hasilatın azaldılmasının hələ davam edəcəyini bildiriblər.

- ABŞ 8 ölkəyə verdiyi güzəştli vaxtı uzatsa, dünya bazarında neftin qiyməti sabit qala bilərmi?

-May ayından etibarən neftin qiymətlərinin necə dəyişməsində ABŞ-ın önəmi böyükdür. Belə ki, əgər ABŞ İrandan neft idxal edən 8 ölkəyə yandırdığı “yaşıl işığı”n müddətini artırsa, dünya bazarlarında qiymət mövcud intervalda qalacaq. Söhbət təbii ki, qiymətin 65 dollar ətrafında dəyişməyindən gedir.Mövcud şərtlər, “OPEC+” ölkələrinin hasilatı azaltma öhdəliyi və İranın neft ixracını davam etdirəcəyi təqdirdə dünya bazarı üçün neftin qiymətinin 65 dollar olması məqbuldur.

- Birləşmiş Ştatlar güzəşti ləğvetdiyi halda neftin qiymətində artım müşahidə olunacaqmı?

-ABŞ-ın 8 ölkəyə İrandan neft idxalı üçün yandırdığı “yaşıl işığ”ı yumşaq dildə desək, “söndürməsi”  qiymətlərdə artıma gətirib çıxara bilər. Ancaq hər halda kəskin bahalaşma gözləmək olmaz. Təbii ki, yuxarı həddin 70-75 dollar ətrafında dəyişməyi mümkündür. Amma İrandan ixracın azalması müqabilində gözlənilir ki, ABŞ qiymətləri tənzimləmək üçün Səudiyyə Ərəbistanı və ümumilikdə “OPEC+” ölkələrini gündəlik hasilatı artırmağa təkid edəcək. İrandan neft idxal etməyə sanskiya qoyulan ölkələrin əksəriyyəti ABŞ-la müttəfiqq ölkələrdir və onların enerji təminatında problemlər yaranacaq. Bu baxımdan ABŞ-ın da İrana qarşı sanksiyalara baxış konteksti fərqlidir.

-Dünya mediasında qlobal iqtisadi artımın azalması barədə məlumatlar yayılıb. Sizcə bu neftə olan tələbata təsir edəcəkmi?

- Bəli, qlobal iqtisadi azalma davam edir. Bir gün öncə Asiya İnkişaf bankı Asiya üçün 2019-2020-ci illərdə qlobal iqtisadi artımın artan faizininazalacağını bəyan etdi. Eləcə də, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da qlobal iqtisadi artımın azalacağını bəyan ediblər ki, bu da neftə olan tələbin azalmasına gətirib çıxaracaq. Amma hər bir halda uzunmüddətli dövr üçün neftin kəskin bahalaşması proqnozlaşdırılmır.

-Dünya bazarında neftin qeydə alınan qiymətləri Azərbaycana sərf edirmi?

-Azərbaycan üçün neftin qiymətinin 60 dollardan yüksək olması normaldır. Dövlət büdcəsində neftin qiyməti 60 dollardır. Praktiki cəhətdən Mərkəzi Bank da rezervlərin qorunması üçün neftin 60 dollar olmasını Maliyyə Nazirliyinə məqbul sayır. Təbii ki, bu da qeyri-neft sektorunda tərəfdaşlıq etdiyimiz qonşu ölkələrin iqtisadiyyatında ciddi təlatüm olub-olmamasından asılıdır. Neftin hazırki qiymətləri Azərbaycana proqnozlaşdırılan gəlirləri əldə etməyə imkan verir. 60 dollardan aşağı olsa ölkə həmin gəlirləri əldə etməkdə çətinlik çəkəcək.

Mehman Nəbiyev