Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İqtisadiyyat.az-a verilən xəbərə görə, təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub.

Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər.

Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir.

Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb.

***

09.09

Zəlzələ ilə bağlı paytaxtın bəzi məktəblərində təhlükəsizlik və yeni təkanların olma ehtimalı ilə bağlı dərslər dayandırılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ölkə.Az-a valideynlər məlumat verib.

Şagirdlərin evə buraxıldığı bildirilib.

Qeyd edək ki, Seysmoloji Mərkəzin məlumatına əsasən, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində qeydə alınan 5.6 maqnitudalı zəlzələnin dərinliyi 68 km-dir.

Zəlzələ Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində qeydə alınıb, 5-3 bala qədər hiss olunub.

Xatırladaq ki, yeraltı təkanlar Bakıda və Abşeronda hiss olunub.