“Bu daşıyıcı tərəfindən 2022-ci il ərzində Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən heç bir icazə alınmayıb”.

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” proqramında yayılan söz-söhbətlərə aydınlıq gətirərkən deyib.

Daşıyıcının məhsullar xarab olur, müflis oluruq kimi iddialarına cavab verən sədr bildirib ki, yüklərin vurulması prosesi dövlətdən icazə alındıqdan sonra həyata keçirilməlidir:

“Proseslərin ardıcıllığı pozulmamalıdır. Biz görəndə ki, icazələr verilməyib, normal olaraq sual yarandı. Çünki məsələn, burada tək bir icazədən söhbət getmir. Türkiyədən daşınırsa, o ölkənin icazəsi lazımdır, Gürcüstanın icazəsi lazımdır ki, avtomobillər Azərbaycana gəlsinlər. Bizdə sual yarandı ki, Türkiyə və Gürcüstandan icazələri daşıyıcı necə əldə edib? Biz daşıyıcıdan sənədləri istədikdən sonra növbəti gün daşıyıcının avtomobillərini məlum ərazidə gördük”.

İcazə verilməsi ilə bağlı tətbiq edilən yeniliklərin etiraza səbəb olmaması üçün prosesin mərhələli şəkildə tətbiqi ilə bağlı aparıcının sualını cavablandıran sədr bildirib ki, yeni mexanizmlə nazirlik və DANX birmənalı olaraq neqativ bölgünün qarşısını alıb:

“Biz bu halların artmasının qarşısını almaq istəyirik. Ölkədə başqa daşıyıcılar da var. Həmin daşıyıcının etdiyi narazılıqla bağlı digər daşıyıcılarla da söhbət aparıb soruşmaq olar ki, “bölgü ictimai nəzarət altında aparılır yoxsa yox?”, “payların ayrılmasında səhv varmı?”, “DANX-a müraciət edən daşıyıcının dərdinə şərik oluruq, yoxsa yox?”. Bu media tərəfindən də yoxlanıla bilər. 150-dən çox daşıyıcı var. Həmin daşıyıcılar pay bölgüsündə digər daşıyıcının əlavə tələblərinə müsbət reaksiya verməyəcəklər.

Belə izah edim. Deyək ki, bu gün İrandan yük daşınması üçün 300 icazə qalıb. Belə olan halda iddiaçı 3 000 maşındırsa, orta hesabla hər 10 maşına 1 icazə düşür. Bunun başqa cür həlli yoxdur”.