Bu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 374 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5% az yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com açıqlanan rəsmi statistikayaistinadən bildirir ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,2% azalaraq 484 nəfər olub. Onlardan 142-si həlak olub, 342-si isə yaralanıb. Hadisələrin 43,3%-i gündüz, 36,9%-i gecə, 19,8%-i isə toran vaxtı baş verib, 26,7%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 89,3%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 26,5% azalaraq 100 nəfər, yaralananların sayı isə 1,2% artaraq 332 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 48,1%-i (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% az) nəqliyyat vasitələrinin və piyadaların, 29,7%-i (5,1% az) bir neçə nəqliyyat vasitəsinin, 22,2%-i (40,7%- çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9%-ini, yaralananların isə 75,7-ini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisələr minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
2019-cu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanıb inzibati xətaların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 10,8% azalaraq 701,6 min olub. Xətaların 42,4%-i yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4% az), 11,5%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (1,2% az), 8,3%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (44,3% az), 7,5%-i dayanma və ya durma qaydalarının pozulması (47% az), 4,2%-i icbari sığorta müqaviləsinin bağlanmaması (15,7 % az), 3,8%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (29% çox), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 23,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.