Məişət və elektrik avadanlıqları satışı ilə məşğul olan əksər şirkət və şəbəkələrin öhdəliklərindən üz çevirdiyi barədə az eşitməmişik. Bu dəfə isə “Kaspi” qəzetinin redaktoru Natiq Muxtarlı “İrşad Electronics”-in xidmət qaydalarını pozması haqda öz feysbuk hesabında məlumat paylaşıb. Natiq Muxtarlı 3 ay öncə zəmanətlə aldığı telefonu adı çəkilən mağazalar şəbəkəsi tərəfindən təmir olunmamasından şikayətlənib. Natiq Muxtarov əlavə məlumat verərkən bildirib ki, “İrşad Electronics”-in qaynar xəttinə müraciət edib və şikayətini qeydə alıblar. Amma heç bir tədbir görülməyib. Şikayətçi bundan sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməyi nəzərdə tutduğunu bildirib. İqtisadiyyat.az şikayətçinin həmin paylaşımını oxucularına təqdim edir.

“Deməli, “İrşad Electronics”-dən zəmanətlə telefon almışıq. 3 aydan sonra telefonda problem yaranıb. Müraciət etmişik, telefonu qəbul ediblər və bildiriblər ki, 4-14 gün müddətində təmir olunacaq, ya da yenisi ilə əvəzlənəcək. Düz 14 gündən sonra çağırdılar və sökülüb-dağılmış vəziyyətdə olan telefonu göstərib deyirlər ki, telefon fiziki zədəyə məruz qalıb, 120 manat verin, təmir edək.
Bayram günlərində əsəblərim “İrşad Electronics”-in əməkdaşları ilə söhbətdə xeyli pozuldu. Və bu söhbətlərdə əmin oldum ki, bu şirkətin bütün işçiləri – rəhbərindən tutmuş, ustasına qədər dələduzluqla məşğuldurlar”.

Daha sonra əməkdaşımız iddia olunan şikayətlə bağlı “İrşad Electronics”-lə əlaqə saxlayıb. Mağazalar şəbəkəsinin Nəzarət şöbəsinin əməkdaşı İsmayıl İsmayılov bildirib ki, müştəri Natiq Muxtarov telefonun ekranında sarı ləkə yaranması ilə əlaqədar müraciət edib. Ancaq yoxlama aparılan zaman telefonun fiziki zədə alması və bu zədə səbəbilə əyilməsi faktı qeydə alınıb. Ona görə də zəmanət ləğv olunub. Bu səbəbdən ekranın təmir olunması üçün ödəniş tələb olunub”.

 

Mehman Nəbiyev