Uzun müddət tərəddüdlərdən sonra Türkiyə ilə birtərəfli viza rejimi ləğv edildi. Qərar sentyabr ayının 1-dən etibarən qüvvəyə minəcəkdir. Bəs bu nə deməkdir?

“Əksər hallarda hətta qardaş ölkə tərəfindən qınağa çevrilən və dostluq münasibətlərinə uyğun olmayan bir problem nəhayət ki, tarix oldu. Bu addım Azərbaycanın turizm sektoruna yeni nəfəs gətirəcək, iqtisadi və ticari münasibətlər daha da dərinləşəcəkdir”.

İqtisadiyyat.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov öz feysbuk hesabında bildirib. Ekspert Azərbaycana gələn türk turistlərin sayı, xərclədiyi pullar barədə statistikanı qeyd edib:

“Dövlət Statistika Komitəsinin məlumatına görə 2018-ci ildə Türkiyədən Azərbaycana turist kimi gələnlərin sayı 268 min nəfər olub, bu da ötən il ölkəyə gələn turistlərin 10.3 faizi deməkdir. Başqa sözlə ölkəyə gələn hər 10 turistdən biri məhz Türkiyə vətəndaşı olub. Bu Türkiyədən xarici ölkələrə çıxan əhalinin cəmi 3.2%-dir. Qeyd edək ki, 2018-ci ildə 8.4 milyon türk vətəndaşı xarici ölkələrə üz tutub.

Rəsmi rəqəmlərə görə bir türk turist orta hesabla 578 USD yaxud 983 manat olmaqla, ümumilikdə 2018-ci ildə Azərbaycanda 263 milyon manat pul xərcləyiblər. Bu o deməkdir ki, Azərbaycanın xarici turistlərdən əldə etdiyi ümumi gəlirin 9.4 faizi türk vətəndaşlarının xərcləmələri hesabına mümkün olub. deməkdir. Xatırladım ki, ötən il türk turistlər xarici ölkələrdə cəmi 4.9 milyard ABŞ dolları pul xərcləyiblər ki, bunun da 3.2 faizi Azərbaycanın payına düşür. Hətta mövcud statistika real mənzərəni tam olaraq əks etdirə bilməsə də, o qənaətə gəlmək olar ki, yuxarıda sadaladığımız göstəricilər mövcud potensialın çox altındadır”.

Rəşad Həsənov, viza rejiminin ləğv edilməsini turizmin inkişafında böyük addım olduğunu hesab edərək, Türkiyədən gələn turistlərin sayında ciddi artım olacağını bildirib: “Dil, din, adət-ənənə uyğunluğu, əcdad eyniliyi Türkiyə-Azərbaycan arasında turizm potensialının çox daha böyük olmasını deməyə əsas verir. Sadəcə bu ölkədən gələnlərə Azərbaycan tərəfinin viza tələb etməsi bu potensialdan yaralanmaq imkanını azaldırdı. Maneənin aradan qalxması Türkiyədən Azərbaycana gələn turistlərin sayında ciddi artım olacağını proqnozlaşdırmağa əsas verir.

Mən bu münasibətlə həm bütün turizmçiləri təbrik edirəm və həm də onlara layiqli və sayqılı xidmətlər təklif etmək üçün yarışmağı, gələn turisti necə aldadım ki, çox qazanım kimi anlıq düşüncələrdən uzaq durmağı arzu edirəm. Ümid edirəm ki, bütün steykholderlər potensial turist sayı artımına layiqincə hazırlaşacaq və turizm xidmətlərinin idxalından daxil olan valyuta nə vaxtsa neft sektorunun gətirdiyi valyutadan daha çox olacaqdır. Gəlin, bu fürsətləri dəyərləndirək”.

 

Mehman Nəbiyev