Bu ilin fevral ayında dolların qlobal hesablaşmalarda xüsusi çəkisi 46,56%-dək azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Banklararası Məlumat Transferi və Ödəniş Sistemi (SWIFT) məlumat yayıb.

Məlumata görə, bu rəqəm ötən ilin iyulundan bəri ən aşağı göstərici olub. Yanvar ayı ilə müqayisədə fevralda əldə olunan nəticə isə 0,08 faiz bəndi azalıb. Dolların payının azalmasına baxmayaraq, Amerika valyutası qlobal ödəniş sistemində ən populyar valyuta olaraq qalıb.

Avro populyarlıq baxımından bu siyahıda ikinci yeri tutur. SWIFT vasitəsilə qlobal ödənişlərdə avronun payı 0,23 faiz bəndi artaraq 23,25%-ə çatıb.

Bu müddət ərzində Britaniya funt sterlinqinin beynəlxalq ödəniş sistemindəki payı 0,2 faiz bəndi azalaraq 6,9%-ə enib.

Ən populyar 10 valyutaya həmçinin Kanada, Avstraliya, Honq-Konq və Sinqapur dollarları, eləcə də Tayland Bahtı daxildir.

 

Gözəl Həşimova