“Bu bayağı mahnılar birbaşa kanallarımızda səsləndirilir, bunları oxuyanlar efirə dəvət edilir. Təsəvvür edin, televiziya əsas təbliğat vasitəsi hesab olunur. 10 milyonluq bir xalqa televiya ilə bu mahnıları dinlətdirirlər”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. O həmçinin bildirib ki, bir müddət əvvəl Bakıda tələbələr universitetin həyətində bayağı bir mahnı qoyub oynamışdılar və buna cəmiyyətin mənfi reaksiyası oldu. Lakin ondan sonra heç bir tədbir görülmədi, heç kim narahat olmadı:

 

 

“Ümumiyyətlə heç kim bu vəziyyətin təhlükəli və faciəvi olduğu qənaətində deyil. O gün televiziyada bir bayağı mahnı səsləndirirdilər, özüm onu dinləyəndə utanıb-qızardım, təsəvvür edin, indi onu minlərlə uşaq, ailə dinləyir.

Çox təəssüfləndirici haldır ki, valideynlər bu mahnıların sədaları altında övladlarını oynadıb, videoya çəkirlər və paylaşırlar. Təhlükəni anlamırlar, başa düşmürlər. O universitetin həyətində oynayan tələbələr də bu cür ailələrdən çıxır. Hər kəs öz evində zövq aşılasa, mahnı zövqünü aşılasa, zərərli mahnılardan uzaq saxlasa, o cür gənclik də formalaşmaz”.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az