İngiltərə, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri, bankdan qanunsuz 125 milyon avro ələ keçirən Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanı müzakirə edir.

İqtisadiyyat.Az xəbər verir ki, türk mediasında “Əri həbsdə olan Azəri qadın 122 milyon lirə(35 milyon manat) xərclədi” başlıqlı yazı yer alıb. Yazıda qeyd edilir ki, İngiltərədə yeni irəli sürülən korrupsiyaya qarşı mübarizə çərçivəsində Zamirə Hacıyevanın bütün xərcləri nəzarətə alınıb. Londonda yaşayan 55 yaşlı Hacıyevanın, 10 milyon sterlinq qiymətində olan 2 evdən əlavə, lyuks mağaza Harrodsdan 16 milyon sterlinq dəyərinə alış-veriş etdiyi ortaya çıxıb. Onun 10 ildən artıq həmin mağazadan etdiyi alış-verişdə əksəriyyəti ərinin bankına məxsus olan 54 bank kartından istifadə etdiyi də məlumatda öz əksini tapıb.

Hacıyevanın mallarına əl qoyulacağı gözlənildiyi halda, Azərbaycan tərəfi də həmin sərvəti İngiltərədən tələb edir. İngiltərə ali məhkəməsi, ingilis banklarından aldığı faizlərdən əlavə necə bu qədər varlı olduğu barədə Zamirə Hacıyevadan açıqlama istəmişdi.

Hacıyevanın xərcləri əvvəlcə bu qədər böyük rəqəmli deyildi. 2006-da yavaş-yavaş başlayıb. Əvvəlcə uşaq kitablarına 842 sterlinq, sonra ətirə 140 sterlinq verib. Xərclər bundan sonra böyüdü.

İngiltərə ali məhkəməsinin əldə etdiyi faktlara əsasən Hacıyeva, 4 milyon sterlinqə almaz üzük, 1.8 milyon sternlinqə almaz boyunbağı, 143 min sterlinqə sırğa, 1 milyon sterlinqə oyuncaq, bir günə xərclənən 600 min sterlinq, 250 min sterlinqə ətir, 275 min sterlinqə paltar, 136 min sterlinqə çanta, 30 min sterlinqə şokolad, 2400 sterlinqə spirtli içki aldığı məlum olub.