Dünən baş nazir Novruz Məmmədov ilk hesabatını verdi. Millət vəkilləri də ölkə üçün gərəkli olan məsələlərdən danışaraq bir sıra təkliflər irəli sürdülər.

“Bu gün torpaq fondunun 47 faizi şoranlaşmaqdadır və bu torpaqların normal hala gətirilməsi ilə bağlı tədbirlər görülməlidir”.

Bunu deputat Fəzail Ağamalı söylədi. Deputat sənədsiz evlərdən də danışdı.

F.Ağamalı elektrik enerjisi və qaza tətbiq olunan limitlə bağlı bölgələrdən gələn şikayətləri də hökumətin diqqətinə çatdırdı. Tarif Şurasından bu məsələyə yenidən baxmağı xahiş etdi.

Deputat Tahir Mirkişili isə dedi ki, Azərbaycanın iqtisadi rəqabət qabilliyyətini artırmaq və xarici bazarlarda müqayisəli üstünlüyə nail olmaq üçün ölkədə əmək məhsuldarlığının xeyli artırılmasına ehtiyac var.

Deputat Musa Qasımlı Baş nazirin hesabatının mükəmməl hazırlandığını bildirdi. M. Qasımlı Yardımlı şəhərinə yaxın Ostair, Hamarkənd, Anzov, Abasabad və s. kəndlərin təbii qazla təmin olunmasını da təklif etdi: “Onların təbii qazla təmin olunması meşələrin qırılmasının qarşısını alacaq. Bundan başqa seçicilər qaza qoyulan limitin ləğvini istəyirlər”.

Deputat iki qonşu rayon - Yardımlı və Lerik arasında yolun olmadığına da hökumətin diqqətini cəlb etdi: “Yardımlı və Lerik arasında 3 km 800 metrlik məsafə var. Oraya yol çəkilərsə, bu, əhalinin rahat yaşayışını təmin edər, eyni zamanda turizm potenisalını artırar”. M.Qasımlı onu da dedi ki, Yardımlıda kənd təsərrüfatı texnikası çatışmır və bu da son nəticədə məhsulun yığılmasına mənfi təsir göstərir.

Deputat Rəşad Mahmudov əvvəlcə seçildiyi Astara sakinlərinin istəklərini dilə gətirdi, Astara şəhərində kanalizasiya probleminin olmasını hökumətin nəzərinə çatdırdı. Daha sonra o, tibb sahəsindəki məsələlərdən bəhs etdi: “2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq olunacaq. Bununla da qanunsuz ödənişlərin qarşısı alınacaq. Tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər”. Deputat səhiyyəyə dövlət maliyyəsinin artırılmalı olduğunu da vurğuladı. Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanların olduğunu deyən deputat söyləyib ki, son illər 700-dən çox texnika ilə təmin edilən xəstəxanalar məhsuldarlığın artırılmasına imkanlar yaradır: “Bütün bunlarla yanaşı, tibbi xidmətin əlçatanlığı, xidmətin keyfiyyətinin artırılması vacibdir”. R. Mahmudov qeyd etdi ki, görülən işlərlə yanaşı, xəstəxanaların keyfiyyət statusuna görə akkreditasiyadan keçirilməsi, standartların, ixtisaslaşmış tibb personallarının akkreditasiya qaydalarının hazırlanması, ailə həkiminin funksionallığı, “Əhalinin sağlamlığı” haqqında qanununa əlavələr edilməsi mühüm məsələlərdən biridir: “Qida təhlükəsizliyi ilə əlaqədar qısa müddətdə görülən işlər gələcəkdə daha sağlam gələcəyin formaslaşmasında mühüm xidmət olacaq. İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir”.

Deputat Tahir Kərimli prezidentin Şamaxı və Ağsuda keçirdiyi görüşlərdən danışdı və dövlət-vətəndaş münasibətlərindən məmnunluğunu ifadə etdi.

Daha sonra o, seçildiyi dairənin problemlərinə diqqət çəkdi. T.Kərimli Ağsuda məktəb təmiri və kəndlərin su təchizatı ilə bağlı işlərin görülməsinə ehtiyac olduğunu bildirdi.

Həmçinin Ağsu şəhərinin içərisindən keçən çayın 2 km-lik hissəsinin sahili boyunca bənd hörülməsini təklif etdi. Ağsu şəhərinin qoruq elan olunmasını zəruri sayan T.Kərimli 2019-cu ilin “Nəsimi ili” olmasına istinad edərək, İmadəddin Nəsiminin nəşinin Azərbaycana gətirilməsi barədə də çağırış etdi.

Parlamentin vitse-spikeri Valeh Ələsgərov Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürdü. Vitse-spiker bununla bağlı “Tik-idarə et-təhvil ver” (TİT) modelindən istifadəni məqsədəuyğun hesab etdi: “Bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir. Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər”.

Deputat Çingiz Qənizadə gömrük sistemində şəffaflığın təmin olunması sayəsində 1,2 milyard vəsaiti dövlət büdcəsinə köçürüldüyünü qeyd etdi və buna görə quruma təşəkkürünü bildirdi.

Ç.Qənizadə dedi ki, ölkədə tikinti ilə bağlı bir durğunluq mövcuddur. Deputat dövlət başçısının məsələyə reaksiyasını da xatırlatdı: “Ölkə prezidenti də dedi ki, qanunvericiliyə əməl etmək şərtilə, bu durğunluğu aradan qaldırmaq lazımdır”. Ç.Qənizadə Baş nazirin bu məsələni nəzarətə götürəcəyinə ümidini ifadə etdi.

“Ağdaş rayonu Azərbaycanın ən bərbad rayonlarından biridir”-deyən deputat hökuməti bu rayonun durumuna diqqət ayırmağa çağırdı.

Sonda spiker Oqtay Əsədov bütün çıxış edənlərin Nazirlər Kabinetinin hesabatına müsbət qiymət verdiyini açıqladı.

Yekunda Baş nazir Novruz Məmmədov yekun nitqini söylədi, geniş müzakirələrə görə parlamentə təşəkkür etdi. “Hər şeyi bir ildə etmək mümkün deyil. Çox işlər görsək də, yenə də görülməli işlərimiz var”-deyə, Baş nazir bildirdi. “Amma mən söz vermirəm ki, sizin burada qaldırdığınız bütün məsələlər həllini tapacaq”-N.Məmmədov sonda qeyd etdi. Bununla belə, bir sıra təkliflərə baxılacağını söylədi.(musavat.com)