Martın 15-i Milli Məclisin Yaz sessiyasının ilk plenar iclası keçirilib. İclasda baş nazir Novruz Məmmədov ilk hesabatını verib və deputatlar gündəmdə olan problemli məsələləri qaldıraraq bir sıra təkliflər irəli sürüblər. Deputat Elmira Axundova fərdi evlərin sənədləşməsinin vacib olduğunu bildirərək, onlara “kupça” verilməsini təklif edib.

Deputat öncə Baş nazir Novruz Məmmədova hərtərəfli hesabatına görə təşəkkür etdi. Həmçinin deputatların təkliflərinə həssaslıqla yanaşıb bir sıra vacib addımlar atan prezidentə minnətdarlığını bildirdi. Bundan sonra o, Bakı və Bakı ətrafında və regionlardakı sənədsiz evlərdən də danışdı. Dedi ki, prezident yeni tikililərin sənədləşdirilməsi ilə bağlı sərəncam verib. Amma 20-30 ildir fərdi evlər tikib orada yaşayan, kommunal xərcləri ödəyənlərin evlərinə “kupça” verilmir: “Bu evlər sənədləşsə, dövlətimiz 300-500 milyon arası əmlak vergisi toplaya bilər. Nəyə görə biz bu gəlirdən imtina edərək, hansısa məmurun "qara kassa"sını doldururuq?"

E.Axundova ardınca dedi ki, əlilliyin təyin olunması ilə bağlı bürokratik əngəllər mövcuddur: “İnanın, bu məsələ ilə bağlı rayonlarda əhali arasında ciddi narazılıq var”. Deputat daha sonra digər məsələyə diqqət çəkdi: “Mən istərdim ki, bizim məktəblilər heç olmasa həftədə bir dəfə məcburi şəkildə hovuzlara aparılsın və onlar üzgüçülüyü öyrənsinlər, özü də dövlət hesabına. Çünki biz dəniz və çaylarla əhatə olunmuşuq. Hər il yüzlərlə gənc Xəzər dənizində, Kür və Araz sularında boğulur. Heç bir xərc insan həyatından önəmli deyil”.

Deputat, seçildiyi Masallı rayonunun problemləri barədə də məsələ qaldırdı və hökumətdən tədbir görülməsini istədi.