Dünən KİV-də M.Qafarov adına Lerik rayon Siyov kənd orta məktəbinin direktoru Əmirov İlham Əziz oğlunun saxta üsulla əlillik alması barədə məlumatlar yayıldı. Məktəbin bir qrup müəllimi məsələ barədə İqtisadiyyat.Az-a məlumat verilmişdi. Onların sözlərinə görə, müəllim kollektivi və texniki heyət 22 aprel 2019 tarixində agah olublar ki, direktor II qrup əlil kimi 12.01.2018 tarixindən pensiya alırmış. Müəllim heyətinin bizə verdiyi məlumatda qeyd olunub ki, direktorun nə vaxtsa xəstələnməsi haqqında heç kimin məlumatı olmayıb. Həmçinin məlumatda o da bizə bildirilib ki, direktorun xəstələnməsi doğru olsaydı xəstəxana ona bülleten verərdi və həmin bülleten məktəbin yerli həmkarlar təşkilatının iclaslarında müzakirə olunmalı idi. Bunlardan əlavə o da bildirilib ki, direktor saxta əlilliyə görə, öz maaşından əlavə 25% müavinət də alırmış.

Sözgüdən fakt barədə ƏƏSMN ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazıl Talıbov öz feysbuk profilində rəsmi açıqlama verib. Onun verdiyi açıqlamada qeyd olunub ki, ƏƏSMN tərəfindən saxta əlillik almış şəxslər araşdırılarkən üzə çıxanlardan biri də Əmirov İlham Əziz oğlu olub. Fazil Talıbovun sözlərinə görə, səhiyyə müəssisəsi tərəfində direktorun talassemiya xəstəsi olması haqqında sənədlərin Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilib və komissiya da həmin sənədlər əsasında ona 12.01.2018 tarixindən etibarən II qrup əlillik təyin edib. Ancaq bir müddət öncə məlumatı göndərən səhiyyə müəssisəsi tərəfindən sənəd etibarsız sayıldığı üçün əlillik ləğv edilmişdir.

Onu da qeyd edək ki, direktor ən azı 1 ildən artıq müddət ərzində saxta üsulla dövlət büdcəsini mənimsəyib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bir neçə ay öncə çıxışında qeyd etmişdi ki, saxta üsulla əlillik alan şəxslər aldıqları müavinətləri tam olaraq dövlət büdcəsinə geri qaytaracaqlar. Məsələ ilə bağlı Fazil Talıbovla əlaqə saxladığımız zaman bizə bildirdi ki, vətəndaş Əmirov İlham Əziz oğlu tərəfindən dövlət büdcəsinə dəyən bütün maddi zərər geri qaytarılacaq.

 

Mehman Nəbiyev