Ölkədə sığorta sistemində hələ də aradan qaldırılmayan boşluqlar özünü dəfələrlə sübut edib. “8-ci km” bazarındakı yanğın zamanı sahibkarlara dəyən ziyanın ödənilməsi barədə müzakirələr bunu bir daha təsdiq etdi. Təbii ki, səbəblərdən biri də vətəndaşların öz əmlakını sığortalamağa biganə və laqeyd yanaşmasıdır. Nəticə etibarilə, zərərçəkənlərin kompensasiyası dövlət büdcəsindən ödəniləcək. Dövlət başçısı yanğınla əlaqədar keçirdiyi müşavirədə “sığorta sektorunda ciddi boşluqlar var və biz bunu görürük”- deyə fikir bildirmişdi. Sözügedən sistemin zəif inkişaf etməsi ölkə başçısı səviyyəsində qeyd olunubsa, yaxın illərdə bu sahədə ciddi dəyişiklik oalcağını güman etmək olarmı? Mövzu ilə əlaqədar sığorta ekspertləri İqtisadiyyat.az-a münasibət bildiriblər.

“Yaxın illərdə bu inkişaf qaçılmazdır” -Ekspert İlkin İbrahimov

“Həm icbari tibbi sığortanın 2020-ci ildən tətbiqi ilə, həm də bu il qəbul olunması gözlənilən aqrar sığortanın tətbiqi ilə inkişafa nail olunacaq. Lakin ən əsas problem əmlak sığortasında görünür. Hesab edirəm ki, icbari olmasına baxmayaraq yenə də vətəndaşların bu sığortaya maraq göstərməməsi, cərimə mexanizminin yumşaq olması ilə əlaqədardır. Digər tərəfdən sığorta ödənişlərində uzun süründürməçilik də bu sahəyə marağı azaldır. Hesab edirəm ki, sığorta ödənişlərində tənzimlənməni şəffaflaşdırmaqla sığortaya marağı artırmaq olar”.

“Gözləntilər böyükdür, lakin çox işlər görülməlidir” - Ekspert Elçin Eyvazov

“Bu işlərdə yük həm sığorta şirkətlərinin həm də digər qurumların üzərinə düşür. Sığorta bazarında marifləndirmə işlərinin aparılması, yeni məhsulların bazara çıxarilması, müştəri ilə satıcı arasında münasibətlər, müştəri məmnuniyyətinin artırılması və bu kimi digər işlər daha sürətli və aktiv şəkildə aparılmalıdır. Düzdür bazar böyüyür yığımlarda artım müşahidə edilir. Amma bu bazarın potensialı deyil”.

“Şirkətlər bir-biri ilə haqsız rəqabət aparırlar” - Ekspert Kamandar Vəliyev

“Amma gərək bu işdə sığorta şirkətləri və agentləri daha maraqlı olsun. Sığorta bazarında ən böyük boşluq şirkətlər və agentlərin düzgün işləməməsidir. Şirkətlər bir-biri ilə haqsız rəqabət aparırlar, hansısa yolla digər şirkətləri sıxışdırırlar”.

Mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən iqtisadçı alim Azər Mehdiyev isə ekspertlərin bu fikirlərilə razılaşmadığını bildirib. “Sığorta məsələsi ziddiyyətli, mübahisəli məsələlərdir. Bunun üçün uyğun məhkəmə sistemi olmalıdır. Sığorta hadisəsinin baş verməsi və qeydə alınması əslində o qədər də asan məsələ deyil. Daşınmaz əmlakdan əlavə, daşınar əmlakın da sığortalanması çox çətin prosesdir. Hər gün obyektə gələn və satılan malların qeydiyyatı aparılmalıdır. Bunun üçün əlavə sistem qurulmalıdır. Mühasibat uçotunun olması da yetərli deyil, Azərbaycanda sadə mühasibatçılıq uçotu da aparılmır. Təbii ki, belə bir şəraitdə sığortadan danışmaq mümkün deyil. Bütün bunlara görə, yaxın illər ərzində sığorta bazarında tam inkişaf gözləmirəm”.

Mehman Nəbiyev