Xəbər veridyimiz kimi, ölkə başçısı cənab İlham Əliyev Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərar verib. Deputat Fazil Mustafa ölkə başçısının bu qərarını böyük sevinclə qaşıladığını öz feysbuk hesabında paylaşımla bildirib. İqtisadiyyat.Az millət vəkilinin həmin paylaşımını oxucularına təqdim edir.

"Türkiyə vətəndaşlarına Azərbaycana gəliş-gediş üçün vizanın qaldırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevin qəbul etdiyi qərar böyük əhəmiyyət daşıyan tarixi bir qərardır. Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı Bakıda iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə paradın keçirilməsindən sonra hədsiz sevindiyim ikinci hadisədir. Həmin parad ona görə önəmli idi ki, bizim dövlət müstəqilliyimiz üçün canından, qanından keçmiş Nuri Paşa komutanlığında qəhrəman türk əsgərinin qarşısında bir vəfa borcumuzu mütləq qaytarmalıydıq. Məhz bunun adı qardaşlıqdır, məhz bunun adı əhdə vəfadır. Cənab İlham Əliyevin bu cəsur jesti hər cür alqışlanası, təqdirolunası tarixi qardaşlıq addımıdır. Gəliş-gediş üçün viza qonağa, dosta, əcnəbiyə verilə bilər. Qardaş qardaşa evinə gəlib getməyə viza verməz, verməməlidir. Unutmayaq, enində-sonunda bizim yenə də taleyimiz Siam ekizləri kimi Türkiyə ilə birlikdəliyimizdən asılı olacaq. Azərbaycan prezidentinə bu anlamlı, milli maraqlarımıza uyğun və cəsur addımına görə minnətdarlığımı bildirirəm. Türkiyə ilə qardaşlığımıza töfhə verən hər addım alqışlanmağa layiqdir".

Mehman Nəbiyev