Biznes mühitində sanki bir hərəkətlənmə astanasında olduğumuz duyulur. Təbi ki, bu, mənim gəldiyim yanlış qənaət də ola bilər. Amma mənim zənnimcə, nələrinsə yaxşıya doğru dəyişəcəyinə inan istəyi daha inandırıcı görünür. Digər tərəfdən, əgər müəyyən dəyişikliklərin olacağı halda, özünütəşkilin müxtəlif formaları biznes mühiti üçün daha da aktuallıq qazanır.

Son zamanlar marketinq, ictimaiyyətlə əlaqələr, reklam, dizayn sahələrində özünütəşkilin formalaşması və sabitləşməsi istiqamətində müxtəlif formatlarda tədbirlər keçirilir. Bu da təcrübə mübadiləsinə təkan verir və müasir trendlərə dair müzakirələr üçün faydalı yol açır.

Bu yaxınlarda ADEFO–Azərbaycan Dizaynerlər Forumu da özünün bir gün davam edən maraqlı tədbirinə imza atdı. Forumda müxtəlif mövzularda çıxışlar oldu, müxtəlif fikirlər söylənildi. Maraqlı təkliflər səsləndi. Başlıcası isə gənclərin çoxsaylı suallara cavab axtarmaq istəyi önə çıxdı. Üstəlik də bu bir proses olaraq qırılmz əlaqədə qavranıldı, növbəti müzakirələrin daha canlı və aktual olcağına əminlik yarandı.

Dizaynerlər forumunda müzakirələrə ciddi səbəb olan bir fikir də sələndi. Haqlı olaraq soruşulurdu: həddi-buluğa çatmayan uşaqların təhsil aldığı orta ümumtəhsil məktəblərinin ərazilərinə yaxın yerlərdə etik baxımdan məsləhət bilinməyən vizual təsvirlərin mövcud reklam daşıyıcılarında yerləşməsi nə dərəcədə məqsədəuyğundur?

Əslində, hər halda mənə belə gəlir ki, reklamın harada yerləşdirilib-yerləşdirilməməsi barədə düzgün olan obyektiv qərarı reklamverən əslində özü qəbul etsəydi, daha doğru olardı. Hər kəs gözəl bilir ki, bu göründüyündən də ciddi məsələdir. Çünki əslində bir problemdən daha çox bir mənəviyyat işidir, etika məsələsidir.

Düşünürəm ki, yetişməkdə olan nəslin tərbiyəsi üçün hamımız məsuliyyət daşıdığımız üçün belə hallarda hər kəs özünün merkantil mənafeyindən çıxış etməməlidir. Düşünürəm ki, gələcəkdə də insanlar məktəblərin yanında vizual reklam mesajlarını yerləşdirərkən daha çox gəncliyin sağlam tərbiyəsini vacib sayacaqlar, qərarın qəbulunda yüz ölçüb, bir biçəcəklər.

Digər tərəfdən,onu da qeyd etməyi zəruri hesab edirəm ki, reklamalanların da (seyrçi, dinləyici, istehlakşı və s.) hüquqlarına ciddi hörmət bəslənilməlidir. Belə ki, obyektiv informasiya almaq və şəxsiyyətin azad inkişaf hüququna, insanın mənliyinə və heysiyyatına hörmət prinsipinə ciddi əməl olunmalıdır.

Reklamda şəxsiyyətin həyatı və psixoloji təhlükəsizliyi ön plana çəkilməlidir. Reklamalanın (istehlakçının) səhhətinə ziyan vurula bilməz, təkrar edilməsi insanın sağlamlığı üçün təhlükəli olan əməl və hərəkətlərin yamsılanmaması barədə xəbərdarlıq edilməsi unudulmamalıdır.

Məsələn, reklamda mopedlə kaskasız gedən qızın saçlarının ipək yumşaqlığı göstərilir. Bu hər hansı bir saç şampununun reklamı ola bilər. Bu halda mesaj mütləq süjetdəki hərəkəti siz təkrar etməyin deyə xəbərdarlıq edilməlidir. Çünki kaskasız həvəskar tərəfindən, bu reklam hərəkətinin yamsılanması həyat üçün təhlükəli ola bilər və ya faciəli sonluqla bitər.

Reklam biznesində sosial məsuliyyət önəmli yer tutur. Bu baxımdan, reklamda əxlaq normalarına ciddi riayət olunmalı, yüksək etik mədəniyyət nümayiş etdirilməli, mənəvi dəyərlərə hörmət bəslənilməlidir.

«Reklam haqqında» Azərbayсan Respublikasının Qanununda da bu məqamlara diqqət yetirilir. Yetkinlik yaşına çatmayanlara aid olmayan reklamın onlara göstərilməsi, uşaqların mobil telefonlarına belə reklamların göndərilməsi də yolverilməzdir. Bundan başqa, bağça və məktəblərin yaxınlığında uşaqlara təsir göstərə bilən reklam mesajları olmamalıdır.

Şübhəsiz, reklam biznesində ümumbəşəri dəyərlər hər zaman ön plana çəkilməlidir. Çəmiyyət həyatında əlverişli sağlam sosial mühit formalaşmasına hərtərəfli dəstək verilməlidir.