Martın 15-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov bildirdi ki, gündəlikdə bir məsələ var və Konstitusiyaya uyğun olaraq yaz sessiyasının beşinci iclasında hökumətin hesabatı dinləniləcək. İclasda Baş nazir Novruz Məmmədov başda olmaqla Nazirlər Kabinetinin üzvləri iştirak edirdi.

Sədr giriş nitqində əlamətdar məsələyə diqqət çəkdi: “Hesabat günü hörmətli Baş nazirimiz Novruz müəllimin ad gününə düşür. İcazə verin, həm öz adımdan, həm də sizin adınızdan hörmətli Baş nazirimizi təbrik edim”.

Baş nazir Novruz Məmmədov hesabatını təqdim edərkən sədri və deputatları Novruz bayramı münasibətilə təbrik etdi. “2018-ci il Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngin olub”,- deyən baş nazir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsini və prezident seçkilərində İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsini xüsusilə qeyd etdi. O, həmçinin Xəzər dənizinin hüquqi statusunun uzun müddətdən sonra məhz 2018-ci ildə müəyyənləşdirildiyini, bununla bağlı konvensiya imzalandığını bildirdi.

N.Məmmədov dedi ki, qeyri-neft sahəsində artım 1,8 faiz olub. 2018-ci ildə inflyasiya cəmi 2,3 faiz, əhalinin gəlirləri isə 9,3 faiz artıb. Ölkənin valyuta ehtiyatları isə artaraq 45 milyard dollara çatıb. Ötən il dövlət büdcəsinin gəlirləri 22 milyarddan çox olub.

Baş nazir qeyd etdi ki, 2018-ci ildə ölkənin dəmir yollarının 220 km-lik hissəsində əsaslı təmir işləri aparılıb. Həmçinin qeyd etdi ki, hesabat dövründə xaricdən 56 müxtəlif təyinatlı lokomitiv alınaraq ölkəyə gətirilib. Ləki-Qəbələ dəmir yolu layihəsinin birinci mərhələsində artıq 14 km dəmir yolu çəkilib və işlər davam edir.

N.Məmmədov daha sonra bildirdi ki, ötən il Mingəçevir, İmişli, Şəki şəhərlərində “ASAN Xidmət”in regional mərkəzləri istifadəyə verilib. Beləliklə, 2018-ci ildə “ASAN Xidmət” mərkəzlərinin sayı 17-yə çatıb, əhaliyə göstərilən xidmətlərin ümumi sayı isə 300-ü keçib.

Baş nazir bildirdi ki, 2018-ci ildə Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2019" hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bununla da Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyib, MDB dövlətləri arasında isə lider olub. N.Məmmədov Bakı şəhərində keçirilən iki möhtəşəm paradda nümayiş etdirilən silahlar və hərbi texnikalardan da bəhs etdi, ordumuzun inkişafından danışdı. Əlavə etdi ki, Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətindən həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində düşmənin nəzarətində olan strateji ərazi azad edilib.

Baş nazir qeyd etdi ki, ötən il Silahlı Qüvvələrə Yardım Fonduna əhalinin müxtəlif təbəqələri tərəfindən 8,4 milyon manat məbləğində ianələr daxil olub və orada toplanan vəsaitin ümumi məbləği 98 milyon manata çatıb/

Hesabat səsə qoyuldu və 106 lehinə, 1 əleyhinə olmaqla qəbul edildi.(musavat.com)