Nağdsız dövriyyəyə keçid sürəti həm də cibimizdəki kartların sayının durmadan artması ilə paralel gedir. Dünya bütün əməliyyatları bir mobil telefon üzərində, vahid bir resursda cəmləşdirdiyi halda, Azərbaycanda nəqliyyat sistemi müxtəlif kartlar buraxır, özü də bu kartlara pulu ancaq nağd şəkildə yükləmək imkanı verir. 

Hərə bir kart alsın, xeyir...  

Məsələn, “BakıKart” vasitəsilə dəmiryolu da daxil olmaqla, bütün nəqliyyatda gediş haqqının  ödənilməsini həyata keçirmək əvəzinə, “Dövlət Dəmiryolu” özünə ayrıca bir sistem qurur, yalnız öz xidmətlərini dəstəkləyən kart buraxır, bunun üçün xüsusi avadanlıqlar, proqram təminatı alır, büdcədən külli miqdarda pul xərcləyir və sonda dövriyyəni “BakıKart”da olduğu kimi, yalnız özü görür.   

Bu yazıda ölkə ərazisində ən geniş yayılan “BakıKart”ın və “Dəmiryolu”nun buraxdığı “Bak-Sumqayıt” qatarı üçün nəzərdə tutulan kartların simasında sosial narazılıq yaradan məsələlərə toxunacağıq. Əvvəlcə qeyd edək ki, hər iki kart ödənişlidir, qiyməti iki manatdır. Üstəlik, “Dəmiryolu”nun buraxdığı kart zaman etibarilə daha yeni olduğundan daha yüksək innovasiya gözlənilsə də, bu kartın işləmə metodu lap bir əsr geridə qalıb.

Adi bir müqayisə: Bir kartdan yalnız bir nəfər istifadə edə bilər, yəni eyni vaxtda həmin kartla ikinci şəxsi turniketdən keçirmək mümkün deyil. Bundan başqa, nağdsız dövriyyədən danışırıq, amma hesabdan nə “BakıKart”ın, nə də “Dəmiryolu” kartının balansına pul köçürmək olur.

Gərək əvvəlcə pulu nağdlaşdırasan, sonra yenidən bu kartlara yükləyəsən. Onu da uğurla yükləyə bilsən...

Sonuncu məsələ “BakıKart” üçün xüsusilə aktualdır. Düzdür, əvvəlcə yalnız “BakıKart”a məxsus köşklərdə kartın balansını artırmaq imkanı vardısa, sonradan tələbin yüksəldiyini görən müvafiq qurumlar əlavə aparatlara xərclənən milyonlarla vəsaitin qarşısını almaq üçün “E-manat” və “MilliÖN” terminallarından istifadəyə başladılar. “BakıKart” rəsmi səhifəsində yazır ki, hazırda “Bakı Metropoliteni” stansiyalarında 148 ədəd, avtobus dayanacaqlarında 51 ədəd, 188 MilliÖN  aparatlarında kart yükləmə imkanları mövcuddur.

Karta pul ödəməyin müşkülləri

Lakin bu imkanların yaratdığı imkansızlıqları hər gün həyatımızda müşahidə edirik. Əvvəla, aparatın qoyulması onun işlək vəziyyətdə olması demək deyil. Qəpiklərin qəbulunda xüsusi problemlər var, əgər manat bir qədər qırışıbsa, ya əzilibsə, qəbul etmir, pul balansa oturmayanda isə aparatı açdırmaq üçün metro işçilərinə yalvarmaq lazımdır ki, gəlib aparatı açsınlar və sizin pulunuzu qaytarsınlar.
Üstəlik, əgər sərnişinin üstündə 20 manatı varsa, onu kiçik nominallı əskinaslarla əvəzləmək imkanı yoxdur: nə versəniz, aparat “udacaq”.

Çek istəyirsinizmi? 

Bu da azmış kimi, qəbul etdiyi pulun təsdiqi olaraq çek vermək əvəzinə, müştərinin vaxtını alaraq, prosesi uzatmaqda davam edir və ondan soruşur: “Çek istəyirsinizmi?”

Əgər “Bəli” düyməsni vurmasanız (yaxud heç bir düymə vurmasanız), sizi heç vecinə almayaraq, ölkə qanunlarını pozaraq, çek də verməyəcək. Bu isə həmin müəssisənin maliyyə uçotunu necə apardığını, şəffaflığını şübhə altına alır.

“World Hope International” şirkətinin ölkə üzrə direktor müavini Elşən Orucovun sözlərinə görə, bu, Azərbaycanın Vergi Məcəlləsinə ziddir və qanun pozuntusudur. Çünki qanunla nağd pul hesablaşmaları və pərakəndə ticarət zamanı çek, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin məcburiliyi vergi ödəyicisinin üzərinə bir vəzifə kimi qoyulub.

Niyə vahid karta keçid olmadı?  

İqtisadçı Rəşad Həsənov hesab edir ki, ölkənin nəqliyyat sistemindəki bu problemlər çox aktual bir məsələdir və bənzər formada daha tez-tez rast gəlinir.

“Xatırlayırsınızsa, zamanında Bakı metrosunda fərqli kartlar tətbiq edilirdi, sonra bu kartlar ləğv edildi və Bakı nəqliyyat sistemində vahid kartın təbiqinə başlanıldı. Əslində, bu təcrübənin özü ona gətirib çıxarmalı idi ki, nəqliyyat sisteminin istənilən halqasında kart sisteminə keçid tətbiq olunsa, bu yenə də “BakıKart” sisteminin üzərindən olmalı və ümumi ad altında buraxılmalı idi.

Vahid kartla ölkə ərazisində nəqliyyatdan istifadəni mümkünləşdirmək olardı. Eyni zamanda, bu kartların interaktivliyini təmin etmək, onlayn yükləmələri tətbiq etmək lazım idi. Burada həm də bir məntiqsizlik var, o qədər xərc çəkib aparatlar alana qədər onlayn formada ödəməni həyata keçirmək üçün proqram təminatı almaq olardı”.