Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kürdəmir rayon şöbəsində nazirlik adından pul yığanların məsələsi ciddi nəticə ilə yekunlaşacaq.
Bunu Yeniavaz.com-a Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Xatırladaq ki, Kürdəmir rayon sakinləri saytımıza yazdıqları şikayət məktubunda DSMF Kürdəmir rayon şöbəsinin Sosial yardım və sosial müavinətlər sektorunun müdiri Hamil Hidayətov və həmin sektorun məsləhətçisi Ramin Mürsəlov vətəndaşlardan rüşvət istədiklərini iddia ediblər.
Sakinlərin iddiasına əsasən, həmin məmurlar uşağın anadan olmasına görə verilən müavinətin (süd pulu) təyin olunması üçün hər bir vətəndaşdan 10-15 manat, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərə müavinətin təyin olunması üçün isə 40-50 manat rüşvət tələb edirlər və bunu nazirlikdəki vəzifəli şəxslərin "haqqının" çatdırılması ilə əsaslandırırlar.
Onun sözlərinə görə, faktla bağlı şikayət edənlər bir-bir dinləniləcək: “Hal-hazırda nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən bununla bağlı araşdırma aparılır. Faktla bağlı şikayət edənlər bir-bir dinləniləcək, danışılacaq və əgər hər hansı bir qanun pozuntusu varsa, bu məsələ ciddi nəticə ilə yekunlaşacaq”.