"Rusiya ilə Azərbaycan arasında təhsil sahəsindəki əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur".

Bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsi zamanı həmin ölkənin Elm və Ali Təhsil naziri Mixail Kotyukov bildirib.

“Rusiya peşə təhsilinin keyfiyyətini xeyli yaxşılaşdıraraq bu sahədə dünya liderləri sırasına daxil olmağı hədəfləyir. Artıq bir çox universetlərimiz dünyada nüfuz qazanıblar və biz də müştərək layihələr vasitəsilə müvafiq təhsil proqramlarından Azərbaycan da daxil olmaqla xarici ölkələrdən gələn abituriyentlərin bəhrələnməsini təmin etməyə hazırıq”.

Azərbaycanda rus dilinin dəstəkləndiyini, inkişafına böyük diqqət göstərildiyini nəzərə çarpdıran rusiyalı nazir bunu alqışladıqlarını vurğulayıb: “Bu, bir tərəfdən mədəni əlaqələri, humanitar əməkdaşlığımızı dəstəkləyir, digər tərəfdən də gələcəyin mənzərəsini təyin edəcək texnologiyaların inkişafını və beləliklə, dövlətlərimizin, aramızdakı dost münasibətlərin inkişafını şərtləndirəcək”.

Azərbaycanda Rusiya ali məktəblərinin filiallarının açılmasına toxunan rusiyalı nazir bunu ölkəsindəki təhsilin daha rəqabətcil hala gətirilməsini bir vasitəsi olaraq dəyərləndirib: “Madam abituriyentlər bizim təhsilə maraq göstərir, deməli, bu təhsil yaxşıdır, yəni onun verdiyi biliklər sonradan əmək bazarında kapitala çevrilərək layiqli məvacib, layiqli gələcək təmin etməyə qadirdir. Filial isə bir tərəfdən xaricə getmədən səviyyəli universitetə daxil olmaq imkanı, digər tərəfdən də həmin universitetin tələbəsi ikən müxtəlif qabaqcıl təhsil kurslarını keçmək imkanı deməkdir ki, belə imkanları bir çox şəhərlərimizdə fəaliyyət göstərən nüfuzlu universitetlər yaradır”.

Nazir 2024-cü ilədək Rusiyaya təhsil dalınca gələn əcnəbilərin sayını ikiqat artırmağı hədəflədiklərini bildirərək fikrini belə tamamlayıb: “Rusiya ali məktəblərində əcnəbi tələbələrin sayını hər il artırmağa müvəffəq oluruq. Azərbaycanla da təhsil sahəsindəki əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğuna əminəm”.