Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD  - Müstakil Sanayici ve İşadamları Derneği) təşkilatçılığı ilə 2021-ci ildə Azərbaycanda beynəlxalq biznes forum keçiriləcək.

Məlumata görə, bunu təşkilatın Azərbaycandakı ofisində media nümayəndələri ilə görüşdə "MÜSİAD  Azərbaycan"ın rəhbəri Əbdürrəhman Uzun deyib.

Onun sözlərinə gərə, belə bir mötəbər tədbir bu il Bosniyada keçirilib və bu tədbirdə minədək iş adamı iştirak edib. 

“Forum gələn il Türkiyədə, 2021-ci ildə isə Azərbaycanda keçiriləcək, bu tədbirlərdə də təqribən minədək iş adamlarının iştirakı gözlənilir”, - deyə Ə. Uzun qeyd edib.

O həmçinin bildirib ki, "MÜSİAD Azərbaycan"da fəaliyyət göstərdiyi dövrdə ölkəyə bir çox türkiyəli iş adamı dəvət olunub və onlar ölkədə olan investisiya imkanları ilə bağlı məlumatlandırılıb: "Gələn il ərzində Türkiyə şirkətlərinin Azərbaycana sərmayə yatırılmasına dair zəruri işlər görüləcək ki, bu da bizim ən böyük hədəfimizdir. İstisna deyil ki, Türkiyə və Azərbaycan iş adamlarının əməkdaşlığı birgə müəssisələrin yaradılması formatında da təşkil oluna bilər”.  

Ə. Uzunun fikrincə hazırda Azərbaycanla Türkiyə arasında ticarət anlaşmasının imzalanmasına ehtiyac duyulur ki, bu, hər iki ölkə üçün faydalı olacaq.

“Belə bir anlaşma yerli bazarlara keyfiyyətli, qiymət baxımından isə daha münasib olan malların daxil olmasına imkan yaradacaq”, - deyə Ə. Uzun vurğuladı.

Təşkilatın fəaliyyətinə gəlincə, o bildirdir ki, rəhbərlik etdiyi quruma 51 şirkətin üzvlülüyü var və bu rəqəmi 2020-ci ildə 100-ə çatdırılacağı hədəflənir. 

“Təşkilatımıza üzv olan şirkətlər tərəfindən Azərbaycana sərmayələr yatırılıb və bununla bağlı gələcəkdə statistik məlumatlar açıqlanacaq. Bildiyiniz kimi MÜSİAD-ın 90 artıq ölkədə ofis və nümayəndəlikləri var. Biz bu ölkələrdə də Azərbaycana investisiya və iş əlaqələrin yaradılmasına dair təşviqat aparırıq ki, bu istiqamətə görülən işlər gələcəkdə daha da gücləndiriləcək”, - deyə Ə. Uzun qeyd etdi.