Bəzi KİV-lərdə və sosial şəbəkələrdə bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki "Diqlas" Ticarət Mərkəzindəki yanğının söndürülməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, həmin KİV-lərdə və sosial şəbəkələrdə FHN əməkdaşlarının yanğının söndürülməsi vaxtı guya mülki şəxslərin köməyindən istifadə etdikləri bildirilib:

"Qeyd edim ki, kadrlarda göstərilən mülki geyimli şəxslər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin səhər növbədən çıxan əməkdaşlarıdır. Onlar yaxın ərazidə qalırlar və hadisədən xəbər tutaraq öz həmkarlarına köməyə gəliblər. Həmkarlarımızdan və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, belə həssas məsələlərdə diqqətli olsunlar".