Bu gün Şəmkir rayonunda kartofa tətbiq edilən əlavə ixrac gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası təşkil edib.

Bu barədə kənd sakinləri bildiriblər. Qeyd edilir ki, rayonun Sarı kənd sakinləri əlavə gömrük rüsumuna etiraz olaraq rayon sakinləri dəmir yolunu bağlayıblar.

Əraziyə icra başçısı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gedib və sakinlərlə danışıb.

"Şəmkirlilərin qeyrəti qeyrətim, namusu namusumdur”, - deyə bildirib.

Məsələyə aydınlıq gətirmək üçün rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Rayon icra başçı müavini Mahir Əliyev bildiribki, məsələ ilə əlaqədar əhali ilə danışıqlar aparılıb.

"Camaatla danışıqlar apardıq. Əhalidən 2-3 gün möhlət istədik. Sakinlərlə razılaşdıq və problemlə bağlı aidiyyatlı qurumlarla birgə bir qərar veriləcək”, - deyə Mahir Əliyev bildirib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək 1 dollar, soğan və kələmin ixracına isə 31 may tarixinədək 2 dollar ixrac rüsumun başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilmişdir.