Yay fəslini yaddaqalan edən ən başlıca amil şübhəsiz ki, istirahətdir. Bu baxımdan insanlar yerli və xarici turistik bölgələrə axın edir, fəslin müəyyən bir hissəsindən öz istirahəti üçün bəhrələnir. Məlumdur ki, Azərbaycan əhalisinin müəyyən bir qismi əsasən, Gürcüstan və Türkiyəyə üz tuturlar. Bölgələrimizdə yerləşən istirahət mərkəzləri də qonaqlara xidməti və ən əsası səfalı təbiəti ilə seçilir.

İqtisadiyyat.Az saytı rayonlarımızda yerləşən bir neçə istirahət mərkəzlərinin qiymətlərini öyrənib. Demək olar ki, günlük qiymətlər və xidmətlər bir-birindən çox da fərqlənmir.

1.Zaqatala rayonu “Car” istirahət mərkəzi

“Car” istirahət mərkəzində 2 nəfərlik bir gecə qalmaq haqqı 40 manat, 4 nəfərlik 80 və 6 nəfərlik isə 140 manat təşkil edir. Qiymətə səhər yeməyi daxil deyil. Gündəlik qidalanma qonaqların ayrıca sifarişi və ödənişi ilə həyata keçirilir.

2.Xaçmaz rayonu, Nabran qəsəbəsi “Bulaq” istirahət kompleksi

Adambaşı 50 manat olan “Bulaq” istirahət kompleksi, bu qiymətin içərisinə gündəlik 3 dəfə qidalanma, hovuz, uşaqlar üçün əyləncə yerləri və idman kompleksi ilə qonaqlara xidmət göstərir.

3.İsmayıllı rayonu, İstisu kəndi, “Green House” istirahət mərkəzi

İstisu kəndinə gələn qonaqlar “Green House” istirahət mərkəzində 2 nəfərlik kottec üçün 60, 3 nəfərlik üçün isə 80 manat ödəməklə təbiət qoynunda dincələ biləcəklər. Bu qiymətlərə səhər yeməyi və uşaq əyləncə mərkəzləri daxildir. Mərkəzin ərazisində restoran, voleybol və futbol meydançaları, bilyard salonu və hovuz fəaliyyət göstərir.

4.Lənkəran şəhəri, Rvo kəndi “Bəşəru” istirahət mərkəzi

Bir gecə kotteclərdə qalmaq bir nəfər üçün 40 manatdır. Mərkəz Lənkəran-Lerik yolu üzərində yerləşir. Qiymətə qidalanma daxil deyil. Qonaqlar bunun üçün istirahət mərkəzində yerləşən restorandan sifariş edə bilərlər.

5.Oğuz rayonu, “AFRA HOTEL OGUZ”

“Azərbaycanın İsveçrəsi” adlandırılan rayonda yerləşən “AFRA HOTEL OGUZ”da bir gecə üçün bir nəfərlik ödəniş 50 manat təşkil edir. 2 nəfərə 100 manat, 3 nəfərə isə 120 manat təklif edilir. Təklif olunan qiymətlərə yalnız səhər yeməyi daxildir.

6.Qəbələ rayonu, “SEMERANA” istirahət mərkəzi

“SEMERANA” istirahət mərkəzinə gələn 2 nəfərlik qonaq bir gecə üçün 120 manat, 3 nəfər 130 manat, 4 nəfər 160 və 5 nəfər isə 180 manat ödəməklə səfalı təbiətilə seçilən Qəbələ rayonunda dincələ bilər. Mərkəz gələn qonaqlar üçün təklif etdiyi bu qiymətlərə səhər yeməyi və hovuzu da daxil edir.

7.Şəki rayonu Kiş kəndi, “Marxal” istirahət mərkəzi

Ölkənin şimal-qərb hissəsinin giriş rayonu olan Şəki dağlıq və səfalı təbiəti ilə yerli əhalini və xarici turistləri cəlb edir. Rayonda yerləşən “Marxal” istirahət mərkəzi bir gecəlik kotteci 25 manata təklif edir. Gündəlik qidalanma və digər istəklər müştərinin öz hesabına həyata keçirilir.

8.Nabran qəsəbəsi, “Atlant” istirahət mərkəzi

Azərbaycanda istirahət deyəndə şübhəsiz ilk ağla gələn bölgələrin önündə Nabran durur. Bir tərəfdən dəniz havası, digər tərəfdən dağlıq rayonların sərin havası ilə əhatələnən Nabran istirahət mərkəzləri ilə zəngindir. Qəsəbənin ən məşhur istirahət mərkəzi hesab edilən “Atlant”, dənizdən 10 dəqiqəlik məsafədə yerləşir. Mərkəzdə hovuzdan istifadə 10 manatdır. 1 nəfər istirahət mərkəzində 1 gün dincəlmək üçün gündəlik 3 dəfə qidalanma da daxil 55 manat ödəməlidir. 6 nəfərə 1 gün qalmaq üçün qidalanma daxil olmadan 155 manat, 3 dəfə qida daxil olmaqla 330 manat təklif edilir. Həftəsonları bu qiymət 360 olaraq dəyişir.

Mehman Nəbiyev