Feysbuk və digər sosial şəbəkələrdə, həmçinin iş elanlarında bəzi şirkətlərin könüllülük prinsipi ilə işçi götürdüyü barədə elanlar qarşımıza çıxır. Ümumiyyətlə könüllülük nədir? Könüllü işlə təmin olunan gənclər hansı şərtlərlə fəaliyyətə başlayır?

Mövzu ətrafında iqtisadçı ekspert Günay Hüseynovanın İqtisadiyyat.Az-a verdiyi müsahibəni təqdim edirik:

- Azərbaycanda könüllülərin işə götürülməsi nə vaxdan daha geniş vüsət alıb?

-Əsasən 2011-ci ildə Bakıda baş tutan “Avroviziya” müsabiqəsindən sonra könüllülük geniş yayılmağa başladı. Bir-iki böyük dövlət müəssisəsini çıxmaq şərtilə əksər qurumlarda və özəl şirkətlərdə bu prinsiplə işçilər götürülür.

-Könüllü işçiləri hansı prinsiplərə görə qəbul edirlər? Və həmin təcrübəçiyə iş öyrədilirmi?

-Əksəriyyəti ali bakalavr və hətta magistr təhsilli gəncləri axtarırlar. Böyük əksəriyyətində heç bir iş təcrübəsi öyrətmirlər. 6ay yaxud 1 il təcrübə proqramı keçirlər.

-Şirkətlərdə ən çox dəvət olunan vəzifələr əsasən hansılardır?

- Şirkətlərin çoxunda əsasən təcrübəçiləri mühasibatlıq şöbələriqəbul edir. Onlar da həmin könüllüləri “kuryer” kimi işlədirlər. Bu kağızı apar hüquq şöbəsinə, arxiv şöbəsinə və.s. İşi tam öyrətmirlər.

-Həmin könüllülərə əmək müqaviləsi yazılırmı? Onlar təcrübə proqramını bitirdikdən sonra ixtisasları üzrə işlə təmin olunmaq üçün müraciət etdikdə hər hansı sənəd təqdim edə bilirlərmi?

-Əvvəlcə onu deyim ki, Azərbaycanda şirkət açmaq çox asandır. VÖEN nömrəsi alırlar. Açıq və qapalı tipli səhmdar cəmiyyətlər var. Nizamnamə kapitalları da 2 min və 4 min manat arasında dəyişir. Hər kəs bir müəssisə açır, əlində də ştamp. Təcrübə müddəti bitdikdən sonra da bir dənə sertifikat verirlər. Onu almaq da çox asandır. Hər hansı dəftərxana və mətbəə də 1-2 manata hazırladırlar. Altdan da imza və müəssisənin peçatı,- “Bizim müəssisəmizdə təcrübə keçmişdir”. Amma nə olsun ki, bu sertifikat heç bir önəm daşımır. Heç bir şirkət üçün keçərli deyil, rəsmiyyəti yoxdur. Bir müddət keçəndən sonra həmin sertifikat verən şirkət özü də o təcrübəçini işə götürmür.

-Hansı şirkətlər daha çox könüllü işçi axtarır və nəyə görə?

-Ən çox kiçik müəssisələrdir ki, məsələn minimum 20 işçisi var könüllü işçi axtarır. Fikirləşirlər ki, bu gün ölkədə minimum əməkhaqqı 180 manatdır və 10 işçiyə ay ərzində bu 1800 manat edir. Müəssisə rəhbəri də fikirləşir ki, elə işçi götürməkdənsə, könüllü götürüm bir il işlədim, sonra bir sertifikat verərəm. Qarşılığında isə heç nə öyrətmirlər.

-Bəs bu prinsip Türkiyədə necə tətbiq olunur?

-Türkiyədə demək olar ki, könüllülük yox dərəcəsindədir. Yalnız böyük diaspora komitəsi və digər dövlət müəssisələrində var ki, onlar doğrudan da nəsə öyrədirlər və işlə təmin edirlər. Verdikləri sertifikatlar da keçərlidir. Özəl sektorda isə könüllü yox, təcrübəçilər var. İstər universitetlərdən gələn tələblər, istərsə də fərdi şəkildə müraciət edənlərlə əmək müqaviləsi bağlanır. İşçiyə həqiqətən iş öyrədilir. Şirkət ona müəyyən qədər maaş verir, yemək və yol xərcini qarşılayır. Könüllü də digər işçilər kimi qiymətindən asılı olmayaraq, istədiyi yeməyi yeyir və onu şirkət qarşılayır. Türkiyədə ümumiyyətlə 23-24 yaşlarında gənc gedib, deməz ki, məni könüllü işə qəbul et. Azərbaycanda da belə olmalıdır. Bunun üçün əmək məcəlləsinə müəyyən dəyişikliklər edilməlidir.

-Belə görünür heç yol xərci və yemək pulunu verməyən şirkətlər yəqin ki, könüllünü sığorta da etdirməz. Sizcə, necə könüllü sığorta edilməlidirmi?

-Təbii ki, könüllü xidmət olsa belə sığorta olunmalıdır. Könüllülər də adi işçilər kimi səhərdən axşama kimi işləyirlər. İş vaxtı hər hansısa hadisə baş verə bilər. Pilləkəndən yıxıldı, yaxud istehsalatda qəza oldu kim cavab verəcək?Ümumilikdə Azərbaycanda da qardaş ölkənin təcrübəsindən yararlanmaq müsbət təsir göstərə bilər.

Mehman Nəbiyev