İranda iki həftədir güclü yağıntılar nəticəsində baş verən daşqın və sel fəlakətinin qurbanları artır.

İran mediasının yaydığı məlumata görə, aprelin 1-də İranın Loristan əyalətinin Məmulan və Veysiyan şəhərlərində böhran həddinə çatmış sel nəticəsində daha iki nəfər həyatını itirib.

Əyalətin Kəşkan çayının tüğyan etməsinin ardınca Məmulan şəhərinin qərb hissələri su altında qalıb. Əyalətin bəzi hissələrində su səviyyəsinin üç metrə qədər yüksəldiyi bildirilir.

Əyalətdə üç çayda baş verən daşqınlar nəticəsində onlarla şəhər və kənddə 150 min əhali ciddi təhlükə ilə üz-üzə qalıb. Onların təhlükəsiz yerlərə təxliyyə edilməsinə başlanılıb. 

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli jurnalistlərlə görüşündə ölkədə baş verən iki həftəlik sel nəticəsinin fəsadlarını açıqlayıb: 

“Bu iki həftə ərzində İranın 15 əyalətində 400 şəhər və kənd sel fəakəti ilə üz-üzə qalıb, ölkənin müxtəlif bölgələrində 25 min ev dağılıb, 60 min evə əsaslı ziyan dəyib. Bundan başqa 2199 kəndin yolları bağlanılıb, içməli su və elektrik xətləri sıradan çıxıb”.

Qeyd edək ki, son iki həftə ərzində İranın müxtəlif bölgələrində, o cümlədən, Mazandaran, Gülüstan, Şimali Xorasan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də, Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 45 nəfər ölüb, yüzlərlə insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.