İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH İnternational təşkilatının dəstəyi ilə reallaşan “Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində mayın 23-də Sumqayıt şəhərində yerləşən Gənclər Evində millət vəkili Tahir Mirkişili ilə ictimaiyyətin görüşü keçirilib.

CESD-nin sədri Vüqar Bayramov, görüşdə əsas məqsədin radikalizmə qarşı mübarizə tədbirləri və eləcə də multukulturalizm ənənələri barədə müzakirələr aparmaq olduğunu bildirib. Mərkəzin sədri radikal qruplara qoşulmağın ziyanları, səbəbləri və ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Millət vəkili Tahir Mirkişili cəmiyyətin və eləcə də texnoloji yenliklərin inkişafında gənclərin rolundan danışdı. O, gənclərin innovasiya yaradıcıları olduğunu bildirərək öz fikir və tövsiyələrini auditoriya ilə bölüşdü.

Tədbirdə İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul, CİVİCUS Dünya Alyansının İdarə Heyətinin üzvü Ziya Quliyev, iqtisadçı ekspert İlqar Hüseynli və ekspert Eyvaz Qocayev fikirlərini gənclər ilə bölüşdü.

Daha sonra tədbir iştirakçıları öz fikirlərini bölüşərək onları maraqlandıran sualları iqtisadçılara ünvanlayıblar.