2016-cı ildə qüvvəyə minən və 3 illik nəzərdə tutulan “Əmanətlərin Sığortalanması Haqqında Qanun”un müddəti bu ilin mart ayında bitməli idi. İqtisadçı ekspertlərin əksəriyyəti qanunun müddətinin uzadılmasının vacib olduğunu müxtəlif izahlarla bildirmişdilər. Nəhayət, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açıqlama verərək verilmiş qanunun müddətinin növbəti bir il ərzində də qüvvədə olacağını bildirib. Qərar layihəsinin Milli Məclisdə müzakirə olunduqdan sonra təsdiqini tapıb-tapmayacağı gözlənilir.

Məsələ ilə əlaqədar iqtisadçı ekspertlərin fikrini öyrənməyə çalışdıq. Ekspert Samir Əliyev İqtisadiyyat.az-a verdiyi açıqlamada, bankların hələ də devalvasiyanın təsirindən tam qurtulmadığını və bu qərarın verilməsinin çox vacib olduğunu ifadə edib.

nur.jpg

“Bu addımın atılması indiki zamanda çox vacib idi. Çünki banklar devalvasiyanın təsirindən hələ də tam qurtula bilməyiblər. Bəzi banklar var ki, bağlanmaq təhlükəsi ilə üz-üzədir. Yəni, belə bir vəziyyətdə qanunun müddətinin saxlanılması problem yarada bilərdi. Əmanətlərin sığortalanması haqqında qanun, daha öncə qəbul edilmişdi. Həmin qanuna görə, 30 min manat kompensasiya nəzərdə tutulur. Əgər tam sığortalanma haqqında qanunun vaxtı uzadılmasaydı 30 min manat kompensasiya işə düşəcəkdi. Belə vəziyyətdə iri əmanətçilər vəsaitlərini banklardan geri çəkə bilər. Bu da bankların onsuz da çətin olan vəziyyətini daha da çətinləşdirər. Bu baxımdan fikrimcə, qanunun qəbul olunması çox vacibdir. Sadəcə onun şərtlərinə yenidən baxmaq lazımdır. Əhaliyə gəldikdə isə, bankların bağlanmasını əvvəlki kimi stresslə qəbul etməyəcək. Düşünəcək ki, bank bağlandığı təqdirdə onun əmanəti geri qayıdacaq. Əgər 30 min manat kompensasiya qüvvəyə minsəydi onda, əmanətləri bu məbləğdən çox olan əhali məcbur olub 30 mindən çox olan hissəni bankdan çıxarıb başqa bir banka yerləşdirsin. Bu halda isə məlum deyil ki, ikinci bank əhaliyə hansı faizləri təklif edir. Bu dövlət üçün də faydalıdır ki, bank sektoru zərər çəkmir. Bank sektoru zərər çəkmirsə deməli iqtisadiyyat da zərər çəkmir”.

kur_190208_155111.jpg

“Bugünkü mövcud imkanlar daxilində bankların real iqtisadiyyata kredit qoyuluşu imkanları azalır”

Bu sözləri İqtisadiyyat.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov deyib. Ekspertin sözlərinə görə, indiki halda “Əmanətlərin tam Sığortalanması Haqqında Qanun”unun vaxtının uzadılması zəruridir.

“Əmanətlərin tam sığortalanması qanununun uzadılması banklar üçün əlverişlidir. Əks halda bank sektoru əmanətlərin cəlb olunmasında çətinliklərlə üzləşə bilərdi. Çünki reputasiyası çox aşağıdır. Hazırda sektorda risklərin qalması əmanət qoyuluşlarının həcminə əhəmiyyətli təsir göstərməklə banklar üçün çətinliklər yarada bilər. Belə olan halda banklar məcburdur ki, daha yüksək faizlər təklif etsinlər. Yüksək faizlər də onların xərclərini artıra bilər. İkincisi əmanətçilər üçün əhəmiyyətlidir. Çünki bəzi əmanətçilər öz vəsaitlərini müddətli olaraq yerləşdiriblər. Bu əmanətçilər vəsaitlərini əgər hər hansı risk fonunda bankdan geri çəkmək istəsələr faiz itkiləri ilə üzləşəcəklər. Üçüncü səbəb kimi faktiki olaraq, vəsaitlərin dövriyyədən kənar qalması riski yarana bilər. Çünki hazırki şərtlər daxilində, banklara inamın aşağı olması və dövlət zəmanəti olmadan vəsaitlərin cəlb olunması üçün ciddi çətinlik yaradır. Belə olan təqdirdə əmanətlər dövriyyədən kənarda qalar. Vəsaitlər vətəndaşlarda olsa valyuta bazarları üçün müəyyən dövrdə risk formalaşdıra bilər. Çünki kəskin alışlar və satışlar valyuta bazarlarında müşahidə edilər ki, bu da məzənnə üzərində təzyiq yarada bilər. Başqa bir səbəb isə, əgər vəsaitlər banklarda yerləşdirilmirsə deməli dövriyyədən kənar qalıb və işlədilmir. Bugünkü mövcud imkanlar daxilində bankların real iqtisadiyyata kredit qoyuluşu imkanları azalır. Bütövlükdə bu faktorların hamısını nəzərə alsaq əslində əmanətlərin sığortalanması qanunun vaxtının uzadılması indiki halda zərurətə çevrilib. Düşünürəm ki, bu qərar təsdiqlənəcəksə o zaman maliyyə-bank sektoru üçün sağlamlaşdırma imkanlarının daha da dərinləşdirilməsi və sabitliyin müəyyən qədər davamlılığının olması üçün şərait yaradacaq”.

Mehman Nəbiyev