Azərbaycan 18 yaşadək vətəndaşları arasında 73 min əngəlli olmasına görə MDB-də liderdir. Ölkə başçısının qərarına əsasən həmin uşaqlar aprelin 1-dən himayəçiləri ilə birgə 200 manat müavinət alacaqlar. İqtisadçı ekspert Qubad İbadoğlu isə ölkədə əngəlli uşaqların təhsilə cəlb edilməsi üçün bir sıra təkliflər irəli sürüb. O, universitetlərdə müvafiq infrastruktur yaradılmasını, Təhsil Nazirliyi və özəl şirkətlərin əngəlli tələblərin təhsilini stimullaşdırmaq üçün təqaüd proqramlarına start verməsini fikirini irəli sürüb.

İnsan Resursları üzrə Beynəlxalq ekspert, I qrup gözdən əlil Beybala İbadullayev İqtisadiyyat.Az-a açıqlamasında cəmiyyətimizin inkruziv ortama hazır olmadığını qeyd edərək, nəinki təhsil sistemi heç digər sahələrin də inkruzivləşmədiyini bildirib.

“Əlilliyi olan uşaqların təhsil problemi isə qlobal problem olaraq qalır. Dövlət reabiltoloqların, sosioloqların imkanlarından istifadə etməyib ki, özəl reabilitasiya sistemləri qurulsun. Əngəlli uşaqların təhsilə cəlb olunması ilk olaraq onların reabilitasiya olunmağından keçir. Odur ki, ölkədə tibb, pedaqoji, sosial işin təşkili fakültələri üçün mütləq reabiltologiya üzrə magistratura təhsil sistemi qurulmalıdır ki, oranı bitirənlər də öz imkanları daxilində özəl reabilitasiya mərkəzləri yaratsınlar. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondunun regional ictimai birliyi BMT-nin UNİCEF təşkilatı ilə birgə inkruziv təhsil layihəsi həyata keçirir. Bu layihəyə əsasən Pedaqoji Universitetdə inkruziv təhsil mərkəzləri yaradılacaq və burda ibtidai təhsil üzrə yetişdirilən tələbələr məktəblərdə kadr hazırlığını qismən təmin etmiş olacaqlar. Ancaq bu da məsələnin həlli deyil.

Həmçinin əngəlli uşaqların tədrisi üçün lazım olan əyani dərs vəsaitlərinin ölkəyə gətirilməsi ilə bağlı heç kim maraqlanmır. Gətiriləcək avadanlıqların rüsumu o qədər yüksəkdir ki, özümüz də bu sahədə işlər görmək istəsək belə, çətinliklərlə üzləşirik. Elə bir şərait yaradılmalıdır ki, əngəlli uşaqlar arzu etdikləri məktəbdə yaxud baxçada özlərini görsünlər. Bunun üçün nəqliyyat, memarlıq, təhsil infrastrukturları, kadr hazırlıqları, metodiki vəsaitlərin təfsilatı ortaya qoyulmalıdır. Burada isə 5 nazirlik şəxsən iştirak etməlidir-Təhsil, İdman və Gənclik, Səhiyyə, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bunlarla əməkdaşlıq etməlidir. Şablon bir qurum kimi statistika hazırlayıb öz işlərini bitmiş hesab etməməlidir. Bu dövlət qurumları uşaq və gənclərin inkişafına dair hələ ki, konkret bir layihə işləməyiblər”.

 

Mehman Nəbiyev