Bildiyimiz kimi, əlillik dərəcəsi almaq üçün uzunmüddətli stasionar müalicə tələb olunur. Bu zaman isə təbii ki, həm xəstə əziyyət çəkir, həm də ailəsi. “Ümumdünya Vərəmlə Mübarizə Günü”-nə həsr olunmuş dinləmədə çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaşlara əlilliyin təyin olunması üçün uzun müddət stasionar müalicə tələbinə etiraz edərək, bu mexanizmə yenidən baxılmasını təklif edib. Deputatın sözlərinə görə, insanların əlillik dərəcəsi almaq üçün uzun müddət stasionar müalicədə olması heç də doğru deyil. Bu proses elə bir mexanizmlə həyata keçirilməlidir ki, vətədaşlar şikayət etməsinlər.

İqtisadçı ekspert Pərviz Heydərov verdiyi açıqlamada xarici ölkələrlə müqayisədə elə də bir fərqin olmadığını qeyd edərək, Azərbaycanın da dünya təcrübəsindən yararlandığını dilə gətirib.

 “Əlilliyin təsdiqi üçün stasionar müalicənin təsdiq olunması tələbi məntiqli olmadığına görə, dünya ölkələrində belə bir praktika yoxdur. Ancaq yenə də xarici ölkələrlə müqayisədə mövcud prosedur çox fərqli deyil. Əlilliyin təyinatına Respublikada fəaliyyət göstərən 11 reabilitasiya mərkəzləri nəzarət edir. Hər halda baxır xəstəliyin dərəcəsinə. Ola bilər ki, xəstəliyin təyinatı üçün qısa stasionar müalicə tələb olunsun. Yəni, burda qeyri-adi heçnə yoxdur. Digər sahələrdə olduğu kimi burada da xarici təcrübələrə istinad olunur. Xarici ölkələrdə bu kimi insanlara əksər hallarda dövlət yox, fondlar qayğı göstərir. Məsələn, belə fərqlər ola bilər, amma əlilliyin müəyyən olunmasında fərqdən söhbət gedə bilməz”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə hazırda əlilliyin təyin olunması ilə bağlı ƏƏSMN-in işlər gördüyünü və dünya ölkələrində ayrı-ayrı üsullardan istifadə edildiyini bildirib. O, həmçinin postsovet ölkələrində də belə olduğunu deyib.

ƏƏSMN yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdülqədirov İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirib ki, deputat Əhliman Əmiraslanovun təkliflərinə baxılacaq və qarşıda təqdim olunan meyarlara daxil ediləcək.

“Onu da qeyd etmək lazımdır ki, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı var. Həmin qərarın 1.3.1 bəndində qeyd olunur ki, şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə  ümumilikdə 6 aydan, vərəm xəstələri üçün isə 10 aydan çox müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması, şəxsin əqli və fiziki qüsurları nəticəsində həyat fəaliyyətlərinin məhdudlaşması.Yəni lazım olan müddət bu qanunun bu bəndi ilə tənzimlənir. Bu isə Səhiyyə Nazirliyinə aid olan məsələdir. İstənilən halda həmin müddət məsələsi bu ilin ilk 6 ayı ərzində təsdiqlənməli olan meyarlarda öz əksini tapacaq”.

 

Mehman Nəbiyev