"İmtahanda iştirak edən şəxslər yalnız öz çalışdıqları müəssisənin yerləşdiyi ünvan üzrə regional seçimlər edə bilir".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri direktor vakansiyasının təyin olunması qaydasına toxunan Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O vurğulayıb ki, test imtahanı mərhələsində keçid balı stabildir:

"Sabah keçiriləcək test imtahanı üçün keçid 50 bal nəzərdə tutulub. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Bu mərhələdən keçənlər növbəti yazı işi mərhələsinə dəvət olunacaqlar. Bu mərhələdə 10 ballıq qiymətləndirmədən keçənlər sonuncu - müsahibə mərhələsinə çağırılacaqlar. Müsahibə 5 ballıq şkala ilə qiymətləndirilir. Bundan sonra yerləşdirmə prosesi başlayır. Bu proses yerli idarəetmə orqanları tərəfindən təşkil olunur. Təyinatlar daha çox kiçik məktəblər üzrə nəzərdə tutulur. İmtahanda iştirak edən şəxslər yalnız öz çalışdıqları müəssisənin yerləşdiyi ünvan üzrə regional seçimlər edə bilir. Lakin çalışdığı dövrdə yerdəyişmə üçün yerli idarəetmə orqanına müraciət edərsə, araşdırmadan sonra nazirlik tərəfindən regional dairəyə keçirilə bilər".

Gülşən Şərif