Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ən çox nöqsan aşkarlanan qurumların nöqsanları aradan qaldırmalı və Palatanın tövsiyələrini nəzərə almalı olduğunu deyib.

İqtisadiyyat.az xəbər verir ki, deputat çıxışında dövlət zəmanəti ilə verilən kreditlərin qaytarılması və ünvanlı sosial yardımların verilməsi məsələlərində ciddi nöqsanların, qanunsuzluqların yaşandığını bildirib.

O bir daha xatırladıb ki, son zamanlar ən çox müraciətlər və şikayətlər məhz ünvanlı sosial yardımlarla bağlıdır:

“Artıq neçə illərdir bu məsələni dilə gətiririk. Amma qanunsuzluqlar, nöqsanlar yenə də davam etməkdədir. Hesab edirəm ki, nəhayət, bu məsələdə ciddi dönüş yaradılmalı, insanlar incidilməməlidir.

Həmçinin, dövlət nəzarəti ilə iri müəssisələrə, dövlət qurumlarına verilən kreditlərin qaytarılmasında böyük qüsurlar, özbaşınalıqlar davam etməkdədir.

Kreditlər verilərkən, bu məsələlər ölçülüb-biçilməlidir. Hər quruma bunu vermək olmaz. Bunlar olmadığı, şəffaflıq təmin edilmədiyi üçün də belə hallar yaranır və yaşanır. Bunların qarşısı alınmalıdır, özbaşınalıqlara son qoyulmalıdır”.