Mingəçevir Valideynlər Assosiasiyası QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində Mənzil Məcəlləsinin tələblərinə əməl olunmasında yaranan problemlərlə bağlı İqtisadiyyat Nazirliyində müzakirə aparıb.
“Çoxmənzilli binaların idarə olunmasında, xüsusən regionlarda MMMC-lərin yaradılmasında çətinliklər qalmaqdadır. Sovet dövründə tikilən bəzi binalarda bu günə qədər təhvil-təslim aparılmayıb, baxmayaraq ki, sakinlər mənzillərə köçüb və onların adlarına orderlər yazılıb. Qanuna görə, vətəndaşlar orderlərini mülkiyyət sənədi hesab edilən qeydiyyat vəsiqələri və ya reyestr çıxarışlarıyla əvəz etməlidirlər. Lakin bu, həmişə mümkün olmayıb. Yəni bəzi binalada faktiki mənzilin sahibi olanlar hüquqi cəhətdən sahibliyə yiyələnə bilməyiblər”.

Bu fikirləri Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin prezidenti Fərman Nəbiyev İqtisadiyyat Nazirliyində Mənzil-kommunal siyasəti şöbəsinin nümayəndələri ilə məsləhət görüşündə deyib. O, bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə “Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi” layihəsi çərçivəsində artıq bir MMMC-nin təsis edilməsinə nail olub: “Sənədlər toplanıb və qeydiyyat üçün Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş idarəsinə təqdim edirlib”. 

2 saatdan artıq davam edən görüşdə İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin rəis müavini Fərrux Dadaşov və şöbənin  böyük  məsləhətçisi Rauf Xəlilov layihənin uğurları və görülən işləri yüksək dəyərləndiriblər. Eyni zamanda Mənzil Məcəlləsinin tələblərinə əməl olunmasında yaranan problemlərlə bağlı üçlükdə müzakirə aparılıb. Vurğulanıb ki, köhnə binalara dövlət tərəfindən subsidiya şəklində dəstək verilməli, ya da proqram hazırlanıb, mərhələ-mərhələ binaların təmiri aparılmalıdır. Bu gün hər bir çoxmənzilli bina ilə bağlı inventarlaşma aparılır və hazırda yeni qaydalar hazırlanır. Orada hər şey - təhvil-təslimdən tutmuş idarəetmə metoduna qədər bütün detallar xırdalığına qədər əksini tapacaqdır. Müvafiq icra hakimiyyəti Nazirlər Kabinetinin qərarı ilə binanı tam, əsaslı təmir edəndən sonra balansından çıxarıb, mənzil mülkiyyətçiərinə təhvil verəcək.
Görüşdə MVA İB ilə İqtisadiyyat Nazirliyinin gələcək əməkdaşlığı üzrə fikir mübadiləsi də aparılıb. ( Yeniavaz )