14 və 15 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 57 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- Bir nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 21 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 341 nəfər COVID pasportu olmadığına görə şənliyə buraxılmayıb.