“Kremlin aqressiyasına qarşı Amerikanın təhlükəsizliyinin müdafiəsi” adlı layihədə Menendes və Qremin 2018-ci ildə hazırladığı, “Cəhənnəmdən sanksiyalar” adını almış layihədən daha kəskin tədbirlər nəzərdə tutulur. DASKA adlı layihə qəbul olunmasa da, onun haqqında məlumat yayılan kimi Rusiya maliyyə bazarında ciddi panikaya səbəb olmuşdu: rubl 10 faizdən çox dəyər itirmişdi. İndiki layihədə digər ölkələrdə demokratik institutların fəaliyyətini əngəlləməyə dəstək verən Rusiya banklarına qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur. Bundan əlavə, Rusiyanın ölkədən kənardakı sıxılmış qaz layihələrinə investisiyalar, Putinin maraqlarına uyğun fəaliyyətlə məşğul olan siyasi xadimlər, oliqarx və məmurlar, Rusiyanın dövlət qiymətli kağızları da sanksiyalara məruz qalacaq.

Bu günlərdə o da məlum olub ki, Avropa İttifaqı Kerç boğazındakı hadisəyə görə Rusiyaya qarşı əlavə sanksiyaları razılaşdırıb.

Həmyerlilərimizin ən çox işçi qüvvə kimi üz tutduğu və Azərbaycanın ixracatında əsas yerlərdən birinin məhz Rusiya olduğunu nəzərə alsaq sanksiyaların ölkəmizə təsiri barədə fikirlər ortaya çıxır. İqtisadçı ekspert Pərviz Heydərov isə Rusiyaya tətbiq olunan bu sanksiyaların Azərbaycana heç bir təsir etməyəcəyini bildirib.

“ABŞ-ın Rusiyaya iqtisadi sanksiyaları Azərbaycan kimi ölkələrə təsir edə bilməz. Düzdür, Rusiyada çoxlu sayda azərbaycanlı çalışır. Ancaq sanksiyalar onların özlərinə fərdi qaydada təsir edə bilər. Bunun ümumən Azərbaycan iqtisadiyyatına hər hansı təsirlərindən söhbət gedə bilməz. Əlbəttə Rusiyada vəzifədə olan, böyük biznesə sahib azərbaycanlılar da var. Azərbaycanda biznes strukturları olmadığı üçün Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar nəticəsində onlara dəyən ziyanın da ölkəyə təsiri yoxdur. ABŞ və Rusiya kimi ölkələrin iqtisadi münasibətləri fonunda Azərbaycan kimi xırda dövlətlərin ziyan çəkməyi, ciddi təzyiqlərə məruz qalması real deyil”.

İqtisadiyyat.az

Mehman Nəbiyev