Ceff Bezos qurucusu olduğu "Amazon"un daha 4,9 milyard dollarlıq səhmlərini satmağı planlaşdırır.

İqtisadiyyat.az "Yahoo finance"yə istinadən xəbər verir ki, Bezos 25 milyon səhm satmaq niyyətində olduğunu açıqlayıb.

Məlumata görə, o, fevral ayında şirkətin təxminən 8,5 milyard dollarlıq səhmlərini satıb.

"Bloomberg Billionaires Index"in hesablamalarına görə, əlavə satışlar onun bu il ümumi gəlirini təxminən 13,5 milyard dollara çatdıracaq. Son satışdan sonra Bezos hələ də təxminən 912 milyon səhmə və ya "Amazon"un təxminən 8,8%-nə sahib olacaq.

"Bloomberg"in hesabatına görə, Bezos 221,6 milyard dollar sərvəti ilə dünyanın ikinci ən zəngin adamıdır.

Qeyd edək ki, ötən ay “Amazon”un bazar kapitallaşması tarixdə ilk dəfə olaraq 2 trilyon dolları ötüb. İlin əvvəlindən bəri şirkətin səhmləri 32% artıb.

 

Gözəl Həşimova