Məlumdur ki, ölkənin əmək qanunvericiliyinə əsasən 18 yaşına çatmış hər bir gənc əmək fəaliyyəti ilə məşğul ola bilər. Həmçinin hər iki valideynin icazəsi ilə 16-17 yaşında olan vətəndaşların da əmək fəaliyyətinə cəl olunmasına imkan verilir. Təbii ki, həmin yaşda olanlar üçün iş saatının 7 saat müəyyən olunması, uşaq istismarından uzaq tutulması və ağır işlərə cəlb olunmaması kimi güzəştlər edilir. Ancaq əsas problem 18 yaşına çatmış gənclərin iş üçün müraciət etdikləri ünvanlarda, onlardan əlavə təcrübənin tələb olunmasıdır.

Qanunvericilik vətəndaşların 18 yaşında əmək fəaliyyəti ilə məşğul olmasına icazə verdiyi halda, həmin yaş qruplarından iş üçün təcrübə tələb etmək nə dərəcədə düzgündür? Məsələ ilə bağlı insan resursları üzrə beynəlxalq dərəcəli ekspert, I qrup gözdən əlil Beybala İbadullayev İqtisadiyyat.Az-a açıqlama verib. Ekspert açıqlama verərkən 18 yaşında olan gənclərdən təcrübə ətləb olunmasını absurd hesab edib:

“Həqiqətən də Azərbaycanda özəl iş yerlərində 18 yaşınadək olan gənclər işə dəvət olunarkən onlardan təcrübə tələb olunur. Halbuki bu çox absurd və düzgün olmayan bir məsələdir. Bu həm vətəndaş cəmiyyətinin tələblərinə, həm də dövlət prinsiplərinə zidd olan yanaşmadır. Çünki 18 yaşa təzə qədəm qoymuş gəncin təcrübəsi professional ola bilməz. Odur ki, belə gənclər işə dəvət olunarkən qarşılıqlı razılıq əsasında onlar üçün sınaq müddəti təyin edilməlidir. Sınaq müddətləri həm əmək məcəllə, həm də mülki məcəllə ilə də ehtiva edilir. Ona görə də burada qeyri-qanuni heç bir hal yoxdur. İşə götürənbu məsələlərdə biraz kreativ olmalıdır ki, gənci işə dəvət edə bilsin. Həmin gəncin iş yerinə adaptasiya olunması üçün sınaq müddəti ərzində kollektivin və rəhbərliyin dəstəyi olmalıdır”.

Beybala İbadullayev, işəgötürənlərin bu məsələ barədə həvəsli olmalarının vacibliyini vurğulayıb: “İstər əlillər, istərsə də gənclər sosial qruplara aiddir. İstər mənzil şəraitinə, istər məşğulluq məsələlərinə baxanda onlar daha az təmin olunmuş insanlardır. Onlar arzu etdikləri əmək fəaliyyətlərinə hazırda tam şəkildə inteqrasiya olunmayıblar. Bu baxımdan ölkənin əmək bazarında fəaliyyət seçim perspektivləri də çox azdır. Ona görə də işəgötürənlər həvəsli olmalıdırlar ki, gənclər və əlilliyi olan insanlar kollektivin və rəhbərliyin dəstəyin görə bilsinlər”.

Mehman Nəbiyev