Oktyabrın 8-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə təşkil olunan forumun keçirilməsində əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdir.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, özəl sektor əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumunun müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirdiyini vurğulayıb. E.Əmrullayev Təhsilin İnkişafı Fondunun yaradılmasının tərəqqiyə atılan bir addım olduğunu bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluq etdiyi “Biliyi dəyərə çevirən sinerji” adlı ilk paneldə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri Səməddin Əsədov çıxış ediblər.

Forumun ikinci paneli “Tədqiqatdan inkişafa gedən yol” mövzusuna həsr olunub.

Daha sonra Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçirilən paneldə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində çıxış ediblər.

Panel çərçivəsində “Beynəlxalq reytinqlərdə universitetlərin mövqeyini artırmaq üçün strateji əməkdaşlıqlar”, “Tədqiqat və inkişafda universitet-sənaye tərəfdaşlığının əhəmiyyəti”, “Universitet-sənaye tərəfdaşlığının perspektivləri”, “İnnovasiya və tədqiqat mərkəzlərinin yaradılması və dəstəklənməsi”, “İnnovativ tədqiqatların sənaye ilə inteqrasiyası və kommersiyalaşdırılması” mövzuları ətrafında müzakirələr aparılıb.

Forumun üçüncü paneli “Gələcəyi gənclərə necə hazırlamalı” mövzusuna həsr olunub. Panel çərçivəsində “Sənayeyə uyğun ortaq tədris proqramları”, “İnsan kapitalının inkişafında yeni modellər”, “Gənclərin iş həyatına inteqrasiyasını dəstəkləyən proqramlar və təşəbbüslər” mövzularından bəhs olunub.

 

***

10:23

Bakıda Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu (TİF2024) "Tərəfdaşlıqdan tərəqqiyə" konsept mesajı ilə Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunub.

Forumun açılış mərasimində qeyd olunub ki, əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdən ibarətdir. Eyni zamanda, dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin təşviqi, akademik təsisatların sənaye qurumları ilə fəaliyyətlərinin inteqrasiyası, insan kapitalının inkişafı tədbirin əsas mövzuları sırasındadır.

Tədbir üç panel üzrə peşəkar moderator və spikerlərin iştirakı ilə baş tutacaq. Dövlət-universitet və sənaye arasında əməkdaşlıq modellərinə nümunə olaraq müştərək tədqiqat mərkəzlərinin yaradılması və fəaliyyəti, tədqiqatlar üzrə tərəfdaşlıq, texnologiyanın transferi, inkubator və innovasiya mərkəzləri, sənaye təcrübə proqramları müzakirə mövzuları arasındadır.

Qeyd edək ki, Təhsilin İnkişafı Forumu ilk dəfə olaraq “Təhsildən tərəqqiyə” konsept mesajı ilə 2023-cü il noyabrın 1-də 350-dən artıq nümayəndənin iştirakı ilə keçirilib.