Paytaxtdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədris tətbiq olunub.

Bu barədə İqtisadiyyat.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.

Qeyd edilib ki, anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib.

Vurğulanıb ki, məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunub ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.