Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib.

Məhkəmə iclasında Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib.

İclasın əvvəlində təqsirləndirilən şəxsə hakim izahat verib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub.

Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirmək də və ictimai asayişi pozmaqda ittiham olunur.

Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib.

Sonda hakim iş üzrə icraatın başa çatmasını elan edib və məhkəmə sədri hökmün qanuni müddət ərzində çıxarılacağını vurğulayıb.

***

09.17

İrandakı Azərbaycan səfirliyinə terror aktı təşkil edən şəxsin ilk məhkəmə iclası bu gün keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İrandakı səfirliyimizə hücumla bağlı yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, Səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırmışdır: "İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir".

Bildirilib ki, səfirliyə qarşı törədilmiş terror aktının birinci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların öz layiqli cəzalarına çatmaları və gələcəkdə bu qəbildən əməllərin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addımların atılacağını gözləyirik.