Reklam bazarı müstəqil media institunun əsas maliyyə mənbəyi hesab edilir. Bəs bu sahədə hazırda vəziyyət necədir?
2014-2017-ci illər əhatə edən dövr üçün reklam bazarı 34.1% azalaraq 67.3 milyon manatdan 44.3 milyon manata düşüb. Bu müddət ərzində kütləvi informasiya vasitələrinin reklam gəlirləri isə 5.4 dəfə azalıb. Məsələ barədə iqtisadçı ekspert Rəşad Həsənov öz feysbuk hesabında açıqlama paylaşıb. İqtisadiyyat.Az ekspertin həmin paylaşımını oxucularına təqdim edir:

“Ayrı-ayrı seqmentlər üzrə azalma aşağıdakı kimi olub:
- Televiziya: 84.8% azalma;
- Radio: 49% azalma;
- İnternet: 54.5% azalma;
- Qəzet və jurnal: 81.7% azalma.
Göründüyü kimi, medianın reklam gəlirləri bütün seqmentlər üzrə bazarın kiçilməsi ilə müqayisədə daha kəskin azalıb. 2017-ci ildə televiziyaların reklam gəlirləri 3 milyon 450 min manat, radioların 702 min manat, qəzet və jurnalların 44.6 min manat olub. İnternet üzrə gəlirlər isə 353 min manat olub. Təbii ki, bu rəqəmlər bir az da inandırıcı görünmür. Amma yenə də məncə trend dəyişməz qalır.
Reklam gəlirlərinin azalmasına iqtisadi durğunluq, zəif rəqabət mühiti, reklam gəlirlərinin gizlədilməsi təşəbbüsləri və s. faktorlar təsir göstərsə də inamsızlıq ən vacib səbəblərdəndir. Medianın neqativ reputasiyası təbii ki, bu sahədə fəaliyyət göstərən subyektlərin reytinqlərinə (izlənmə səviyyəsinə) mənfi təsir edir. Məsələn, hər hansı bir həvəskar youtuberin canlı yayınını 5 min-6 min adam izlədiyi halda elə TV-lərimiz var ki, verlişlərini 200-300 nəfər baxır ya baxmır. Yaxud bəzi saytların xəbərlərini 25-30 nəfərdən artıq oxuyan olmur. Bu isə məntiqi olaraq daha böyük kütlələrə müraciət etmək istəyən biznesin maraqlarına uyğun deyil. Nəticədə reklam sifarişləri sosial şəbəkələr kimi fərqli platformalara yönəlir.
Reklam gəlirlərinin azalması isə öz növbəsində media üzərində himayədarlıq institutunun təsirini daha da artıraraq müstəqqillik kimi təməl prinsipin sarsılmasına səbəb olur. Mərhələli şəkildə media sıradan çıxır.
Rəqabətli mühitdə reklam bazarından daha çox pay almaq üçün media subyektləri öz aralarında ciddi rəqabət aparır. Bu zaman əsas indikator təbii ki, reputasiyadır. Repubtasiya media əxlaqının səviyyəsindən, ictimai maraqları müdafiə etmək təşəbbüsündən asılıdır. Unutmaq olmaz ki, media ictimai maraqların əsas müdafiəçisi olmalıdır”.

Mehman Nəbiyev