Ölkədə pensiya yaşının azaldılması məsələsi aktuallığnı qoruyur. Bu haqda istər sosial şəbəkələrdə, istərsə də Milli Məclisdə dəfələrlə müzakirələr aparılıb.

Mövzu ilə bağlı Iqtisadiyyat.az-a açıqlama verən deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bu barədə cəmiyyətin istəyinin birmənalı olmadığını diqqətə çatdırıb: “Mən ayda ən azı 100-150 adamla görüş keçirirəm. Bu insanlar seçicilərimdir, tanışlardır, yaxud haradasa oturmuşam, yaxınlaşırlar bu sualı verirlər. Deməli bunların içində əmək fəaliyyəti beyinlə, zehinlə əlaqəli olanlar – ümumiləşdirsək, ziyalılar və dövlət strukturlarında işləyənlərin çoxu gəlib xahiş və təklif edir ki, pensiya yaşı artsın, 65 olmasın, hətta 70-ə qədər artsın. Çünki bunlar artıq işləmək istəyirlər. Amma ağır fiziki işlə məşğul olanlar üçün təbii ki, pensiya yaşının azalması daha rahatdır. Görürsünüz, burada ziddiyyət yaranıb. Biz də onun tərəfdarıyıq ki, buna diferensial formada baxış olsun”. 

Deputat ona müraciət edənlər arasında pensiya yaşının artırılmasını istəyənlərin üstünlük təşkil etdiyini vurğulayıb: “Mənə müraciət edənlərin 60-65 %-i ziyalıdır, onlar da təklif edirlər ki, pensiya yaşı artırılsın. Hətta bir neçə nəfər mənə təklif edib ki, bəlkə bununla bağlı referendum keçirilsin. Demişəm ki, yox bu elə bir məsələ deyil ki, referenduma çıxarılsın. Amma yenə deyirəm, birmənalı tələb eşitməmişəm ki, pensiya yaşı azaldılsın. Hər iki təbəqədən olan insanlar var. Burada mövqelər, maraqlar toqquşur. Pensiya yaşının qaldırılmasını istəyənlər deyir ki, misalçün, canımız suludu, işləməyə imkan var, niyə də yox. Fiziki iş sahibləri isə yaşın azaldılmasında maraqlıdırlar”. 

Millət vəkili pensiya yaşına qədər iş tapa bilməyən vətəndaşların vəziyyətinə də toxunub: “Müəyyən yaşdan sonra iş tapa bilməyənlər var. Onlar üçün də pensiya yaşının azaldılması yaxşı olardı. Mən bunu anlayıram. Amma bilirsiniz, bu bazar iqtisadiyyatıdır, burada əmək bazarı da var. Əmək bazarında da tələb-təklif və rəqabət qanunları işləyir. Mümkün deyil ki, bazar iqtisadiyyatını tətbiq edəsən, bunun hansısa qanununa məhdudiyyət qoyasan. Onda artıq adminstrativ idarəetmə başlayır. Con Meynard Keynsin dövlətin iqtisadiyyatı idarəetməsi ilə bağlı bir nəzəriyyəsi var. Orada da qeyd olunur ki, idarəetmə iki üsulla olur. Müdaxilə və tənzimləmə. Mən tənzimləmənin tərəfdarıyam. Amma vaxtaşırı müdaxilə də lazımdır. Yəni sosial ədaləti bərqərar etmək üçün dövlət müdaxilə də etməlidir, amma daha çox tənzimlənməlidir. Yəni sosial iqtisadiyyatda dövlət sosial stabilizator rolunu oynayır. Bu qaçılmazdır. Yarı adminstrativ, yarı bazar iqtisadiyyatı qanunları ilə idarəçilik doğru deyildir”. 

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilən dəyişikliyə əsasən, kişilərin pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay nəzərdə tutulub. Bununla da kişi və qadınların pensiyaya çıxma yaşı eyni - 65 olacaq. Artıq kişilərlə bağlı bu proses ötən il yekunlaşıb və onlar bu yaşda pensiyaya çıxırlar. Qadınlarda isə bu proses 2027-ci ildə başa çatacaq. Dəyişikliyə qədər kişilər üçün pensiya yaşı 63 yaş, qadınlarda isə 60 idi.