"Son illər tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd verənlərin sayında artım müşahidə edilir. Təkcə son iki ilin göstəricilərinə nəzər yetirdikə kolleclərə marağın nə qədər artığının şahidi oluruq".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

O, rəsmi məlumatlara əsasən xatırladıb ki, bu il orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10930 plan yeri ayrılıb: "Ötən il müvafiq göstərici 10752 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 26516 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 29445 nəfərin müsabiqədə iştirak hüququ var idi. Bütün bunlar onu deməyə əsas verir ki, son illər kolleclərə maraq birə-beş artıb".

Ekspert söyləyib ki, son illər subbakalavr məzunlar imtahan vermədən ixtisasların uyğunluq dərəcəsinə görə ali təhsil müəssisəsinə daxil ola bilirlər: "Bu zaman onlar heç bir imtahan vermədən, yalnız ixtisas seçimində iştirak etməklə topladıqları orta ümumi bal göstəricisinə uyğun olaraq tələbə adını qazana bilərlər".

E.Nurinin sözlərinə görə, bu yenilik Azərbaycanda orta ixtisas təhsilinə marağı birə-beş artırmış olub: “Təxminən 4-5 il bundan əvvəl kolleclərə marağın həddindən artıq az olduğunu, ümumiyyətlə kollec təhsilinin həddindən artıq formallığını müşahidə edirdik. Hətta universitetlərə ixtisas seçimində müsbət nəticə almayan abituriyentlər sonradan kolleclərdə oxumaqda bir məna görmürdülər. Elə abituriyentlər var idi ki, onların topladıqları buraxılış balları kollecə qəbul olmağa yetəri qədər bəs edirdi. Amma onlar bu hüquqlarından istifadə etmirdilər. Çünki kollec təhsilinə maraq ümumiyyətlə sıfır dərəcəsində idi və onun faydalılığını görmürdülər. Bu baxış hələ də dəyişməyib”.

Bu il daha çox subbakalavrların ixtisas seçimində iştirak edərək universitetlərə daxil olduğunu xatırladan ekspert vurğulayıb ki, bu ənənə kolleclərə marağı həddindən artıq artırıb: “Bu il kolleclərdə oxumaq üçün 19 minə qədər müraciətçi ixtisas seçimində iştirak etdi. Onlar 12 mindən çox plan yeri üçün mübarizə aparırdılar. Bu, son illərin rekord göstəricisidir və çox müsbət bir tendensiyadır. Amma burada bir neçə məsələyə xüsusi diqqət yetirmək lazımdır. Kolleclərdə qiyabi əsaslı ixtisasların 95%-i ləğv edilmişdi. Bu da onu deməyə əsas verir ki, kolleclər artıq formal təhsil göstərən, yalnız subbakalavr diplomu ilə təmin edən, ixtisasla bağlı o qədər də keyfiyyətli təhsil verə bilməyən təhsil müəssisəsindən, universitet üçün tramplin rolunu oynayan və ixtisasla bağlı uğurlu strategiya həyata keçirmək istəyən bir quruma çevrilir. Doğrudur, biz hələ də kollec təhsilindən razı ola bilmərik. İstənilən bir kolleci götürsək, orada kifayət qədər böyük problemlərin olduğunu görə bilərik”.

"Demək olar ki, əksər ixtisasların universitet ekvivalenti var. Yəni tutaq ki, kollecdə məktəbəqədər təhsillə bağlı ixtisasa qəbul olan tələbə iki ildən sonra ÜOMG-si (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) imkan verdiyi təqdirdə subbakalavrların uyğunluq cədvəlinə görə universitetdə oxuya bilər. Məsələn, bir tələbə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə daxil olubsa, o, iki ildən sonra ÜOMG-si yüksək olduğu halda nə az, nə çox 5-6 ixtisas üzrə bakalavr təhsili ala bilər. Buna maliyyə, menecment, marketinq, biznesin idarə edilməsi, statistika kimi ixtisasları misal göstərə bilərik. Təsəvvür edin ki, bu gün istənilən kollecin bank, vergi, sığorta işinə, eləcə də mühasibat uçotu ixtisası üzrə təhsil alan tələbə iki ildən sonra universitetdə bu ixtisaslar üzrə ali təhsil ala bilər. Bax bu detal kollecləri sanki diriltdi. Onların ölmüş nüfuzunu həddindən artıq yüksəltdi", - E. Nuri əlavə edib.

 

Sadiq Cavadov