Azərbaycanda ərzaq mallarının satışında ixtisaslaşan daha bir marketlər şəbəkəsi məişət avadanlıqları və ev əşyalarının satışına başlayır.

"Bizim Market" super marketlər şəbəkəsinin Ayna Sultanova abidəsi yaxınlığında "Novas Home" brendinin yeni mağazası işə başlayacaq.

İqtisadiyyat.Az xəbər verir ki, mağazanın rəsmi açılışı bu ayın sonunda baş tutacaq. Yeni şəbəkə və hazırda qeyri- ərzaq satışı sektorundakı yeniliklərlə bağlı FED.az-ın suallarını şirkətin marketinq meneceri Pərviz Əzimov cavablandırıb.

- Pərviz niyə böyük supermarketlər qeyri-ərzaq mallarının satışına başlayıb, bu yeni dəbdir?

- Bu istehlakçı tələbatına görədir. İstehlakçılar adətən uzaq məsafələrə, uzaq bazarlara getmək istəmir, axtardıqlarıv məhsulu şəhər daxilində almaq istəyirlər. Burada əsas məsələ qiyməti tutdura bilmək idi. Biz də məhsulu birbaşa istehsalçılardan aldığımız üçün qiymətdə rəqabət apara bilirik deyə bu seqmentə daxil olmaq istədik. Əslində indiyədək belə mağazalarımız vardı, amma ən böyüyü indi açılacaq.

- İndi neçə mağazanız var?

- Əvvəla xatırldadım ki, "Novas Home" mağazaları "Bizim Market" brendinə aiddir. Yəni ayrıca bir mağaza olsalar da bir brendir. Bu sayca 6-cı "Novas Home"mızdır. Hamısı Bakıda  - Əhmədli, Günəşli, Xırdalan, İnşaatçılar, Yeni Yasamal və Xalqlar Dostluğundadır. Bütün bu dükanlar "Bizim Market"lə bir yerdə, adətə ikini mərtəbədəydi. İndiyədək olan mağazalarda 15-16 min çeşid qeyri-qida məhsulu satılırdı. Yeni mağaza isə 4 min kv metrlik sahəyə malikdir, və daha geniş çeşiddə məhsul satılacaq.

- Yeni açılan marketdə neçə adda məhsul satılacaq? Ümumiyyətlə burada nə satılacaq?

- Yeni mağazada 20 min çeşiddə mal satılacaq. Bura ev əşyaları, uşaq əşyaları, oyuncaqlar, böyük və uşaq mebelləri, bağ-bağça əşyaları, suvenirlər, dekorlar, gündəlik istifadə məhsulları, təmizlik, tekstil, bütün bu kateqoriya məhsullar, hətta avtomobil aksesuarları satılır.

- Ev üçün mallar digər marketlərdə də satılır. Onlarla necə rəqabət aparacaqsız?

- Bir çox super və hipermarketlərdə qeyri-qida məhsulları satmağa başlayıblar. Sadəcə biz bunu ayrıca bir brend adı altında ayrıca mağazada həyata keçirik. Bunun üçün ayrıca mağaza açırıq. Dediyim kimi, 20 min çeşiddə məhsulumuz olacaq, belə böyük çeşiddə mal yalnız böyük bazarlarda – "Binə" və "Sədərək"də satılır. Hədəfimiz 2020-ci ilin sonuna qədər məhsul çeşidimizi 40 minə çatdırmaqdır.

Müqayisə üçün deyim ki, digər böyük marketdə maksimum 5-6 min çeşiddə qeyri-qida məhsulları satılır. Onların da əksəriyyəti Yeni İl bayramı ilə əlaqədar olanlardır. Bizdə isə bu hədəf ilin sonuna 40 min çeşidə çatdırmaqdır.

Məişət texnikası da bir çox yerlərdə satılır. Bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, biz müştəriyə hər şeyi bir ünvanda əldə etməyi təklifi veririk. İnsanlar istəyir ki, bir neçə məhsulu vaxt itirmədən eyni yerdə əldə etsin .

Gələn ildən böyük məişət texnikasının və mobil telefonların satışına da başlayırıq.

- Mağazalarınızda geyimlər də satılacaq?

- Mağazamızda müxtəlif geyim çeşidləri indi də var. Misal olaraq uşaq bölməsində uşaq geyimləri almaq olar.

- Kreditlə məhsul satacaqsız?

- Əlbəttə, bizim digər şəbəkələrdən fərqimiz odur ki, məhsulları daxili kreditlə satacağıq. İndi bəzi şəbəkələr malları taksit kartları, yəni BOKT kreditləri ilə satırlar. Amma bəzən BOKT-lar çox adama kredit vermirlər və s. məsələlər var. Biz isə çalışacağıq öz kredit sistemimizi qurub onun üzərindən kredit verək.

Bu ayın yarısından banklardan birinin kartı üzərindən taksitli satışlara başlayırıq, sonradan bütün bank kartları ilə işləyəcəyik. Hər bir kartın adaptasiyası, onun pos- terminalının quraşdırılması bir aya yaxın vaxt aparacaq.

Gələn ilin əvvəlindən isə şirkətimizin daxili kredit sistemi işə düşəcək Kreditlərimiz faizsiz olacaq, yəni həm taksitli, həm də daxili kreditlər faizsiz nəzərdə tutulub.

- Daxili kredit üçün vəsaiti haradan cəlb edəcəksiniz?

- Daxili kredit üçün pulu “Bizim Market”lərin investorlarından və banklardan cəlb edəcəyik.

- "Bizim Market" yeni şərik cəlb edib?

- Xeyr, burada investor deyəndə yeni şərik investor nəzədrə tutulmur. Kreditin maliyyələşdirilməsi üçün investorlar nəzərdə tutulur. O da ehtiyac olarsa olacaq. Əgər daxili dövriyyə buna imkan verəcəksə elə dövriyyəmiz hesabına tənzimləyə biləcəyik. İnvestora ehtiyac olarsa cəlb edəcəyik bu da yerli investorlar olacaq.

- İl ərzində nə qədər kredit verməyi planlaşdırısız?

- Hazırda o proqnoz tam dəqiq işlənməyib . Amma xüsusi limit də qoymamışıq ki, bu qədər kredit verə bilərik. Elə bir limit yoxdur.

(Fed.az)